Gələcəyin mühəndisləri Qarabağ universitetində yetişir
Qarabağ Universitetində mühəndis kadrların hazırlanmasında müasir dünya standartlarının tətbiqinə xüsusi önəm verilir. Mühəndislik fakültəsində tədris prosesi yalnız nəzəri biliklərin verilməsi ilə məhdudlaşmır, eyni zamanda, beynəlxalq əməkdaşlıq imkanları, innovativ tədqiqatların təşviqi və tələbələrin praktik bacarıqlarının inkişafı üzərində qurulub. Fakültədə həyata keçirilən tədris modeli tələbələrin real mühəndislik mühitinə uyğun vərdişlər qazanmasına və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə inteqrasiya olunmasına xidmət edir.
Aztəhsil.az AZƏRTAC-a istinad xəbər verir ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsində olub. Fakültənin dekanı Hüseyn Mirzəyev bildirib ki, hazırda Mühəndislik fakültəsində 7 ixtisas üzrə 314 tələbə təhsil alır. Növbəti tədris ilində mexanika mühəndisliyi, kimya mühəndisliyi və ekologiya mühəndisliyi ixtisasları üzrə tələbə qəbulunun aparılması da nəzərdə tutulur. Mühəndislik fakültəsində, həmçinin İstanbul Texniki Universiteti ilə 5 ixtisas üzrə ikili diplom proqramına başlanılacaq.
Dekan qeyd edib ki, mühəndislik üzrə təhsil proqramları dünyanın aparıcı universitetlərinin kurikulumlarına uyğun hazırlanıb və tədris prosesində beynəlxalq təcrübədən geniş istifadə olunur.
“Biz tələbələrə bacarıqlar mənimsədirik. Belə ki, dərslər mühazirələrlə kifayətlənmir, daha çox məşğələ və praktikyönümlü keçirilir. Təcrübə digər universitetlərin mühəndislik ixtisaslarından fərqli olaraq bir neçə mərhələdə təşkil olunur ki, bu da tələbələrin nəzəri biliklərini praktika ilə möhkəmləndirməsinə imkan yaradır. Bundan başqa, tələbələr dərsdən sonra tələbə klublarında praktiki layihələr üzərində işləyirlər. Onlar beynəlxalq proqramlaşdırma və robototexnika yarışmalarında uğurla iştirak edirlər”, - deyə Hüseyn Mirzəyev vurğulayıb.
Mühəndislik fakültəsinin Logistika və nəqliyyat mühəndisliyi ixtisası üzrə tələbəsi Şahanə Əli ilə elə kitabxanada həmsöhbət olduq. O, universitetdə yaradılan şəraitin gənc mütəxəssislər üçün geniş imkanlar açdığını bildirib: “Qarabağ Universitetinə qəbul olduqdan sonra gördüm ki, həqiqətən seçimimdə yanılmamışam. Burada təhsil yüksək səviyyədədir. Müəllimlərimiz bizi gələcək iş həyatına hazırlayırlar. İngilis dili, kompüter biliklərimizi inkişaf etdiririk. Məqsədim magistr təhsilimi də burada və ya xaricdə davam etdirərək, peşəkar mütəxəssis kimi yetişməkdir".
Digər tələbə Nahid Səlimli Qarabağ Universitetində təhsil almağın qürurverici hiss olduğunu deyib: “Bakıdanam. Baxmayaraq ki, universitetlərin çoxu Bakıda yerləşir, mən Qarabağ Universitetini seçdim. Bu universitetin tələbəsi olmaq çox qürurvericidir. Universitetin müasir auditoriyaları, kitabxanası, laboratoriyaları, idman zalı var. Müəllimlərimiz xaricdə təhsil alıb, dərslərimiz yüksək səviyyədə keçir. Məqsədim mütəxəssis kimi yetişmək və Qarabağımızın quruculuğunda iştirak etməkdir. Abituriyentlərə deyirəm ki, həqiqətən mütəxəssis kimi yetişmək istəyirlərsə, Qarabağ Universitetini seçsinlər”.
Beləliklə, Qarabağ Universitetinin Mühəndislik fakültəsi təkcə yüksəkixtisaslı kadr hazırlığı ilə kifayətlənmir, həm də regionun dirçəlişinə töhfə verən mərkəz kimi formalaşır. Müasir infrastruktur, beynəlxalq əməkdaşlıq və gənclərin quruculuq prosesinə birbaşa inteqrasiyası bu ali təhsil ocağının məzunlarının regionun inkişafında və ölkənin mühəndislik potensialının güclənməsində mühüm rol oynayacağından xəbər verir.



























