Nurlan İsmayılbəyli: İmtahanlarda yüksək nəticə və davamiyyət qeydə alınıb
"Naxçıvan Muxtar Respublikasında sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanının ilk günündə və bu gün təhsilverənlər yüksək davamiyyətlə iştirak ediblər. Dünən 99 faizlik davamiyyət olub və 93 faiz təhsilverən imtahanı uğurla tamamlaya bilib".
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, bu gün işə dəvət olunan 345 namizədin 343 -ü imtahanda iştirak edir: "
Bu da müəllimlərin sertifikasiya prosesinə inamını göstərir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən günlərdə görülən işlərdən ən vacibi nazirliyin tabeliyində fəaliyyət göstərən yerli təhsil şöbələri tərəfindən müəllimlərlə keçirilmiş görüşlərdir. Müşahidə etdik ki, imtahan iştirakçıları çox böyük ruh yüksəkliyi və hazırlıqla bu prosesdə iştirak edirlər, bu da onların nəticələrinə təsir edir".
Nurlan İsmayılbəyli bildirib ki, Naxçıvanda keçirilən 5 il öncəki imtahan qaydaları ilə indiki qaydalar arasında heç bir xüsusi dəyişiklik yoxdur: "Əvvəlki qaydada da 120 dəqiqə ərzində namizədlərə 60 sual təqdim olunurdu. Prosesin təşkili baxımından fərqlər var. Naxçıvan MR -da artıq 4 imtahan mərkəzi fəaliyyət göstərir və 700-dən artıq namizədə eyni anda imtahan vermə şansı yaradılır. Bunun üstünlüyü ondan ibarətdir ki, həmin fənni tədris edən bütün müəllimlər eyni gündə və eyni seansda imtahanda iştirak edə bilirlər. Bu da onların bilik və bacarıqlarını tam ölçməyə bizə əsas verir".
MÜTDA rəsmisi əlavə edib ki, ilk cəhddə uğur qazanmayan müəllimlər üçün təlimlər təşkil ediləcək. Əsas məqsəd müəllimlərin təkmilləşməsini təmin etməkdir: "Ötən günün nəticəsi göstərdi ki, 2021-ci ildə ilk dəfə təşkil olunmuş sertifikasiya prosesində uğursuz nəticə əldə etmiş müəllimlərin sayı ilə müqayisədə nəticələr olduqca yaxşıdır. Sonda bununla bağlı təhlillərimiz da olacaq".



























