Məktəblərə valideyn girişinə nəzarət sərtləşdirilməlidir? - Müəllim RƏYİ
Xəbər verdiyimiz kimi, Türkiyədə 2026/2027-ci tədris ilindən məktəblərdə təhlükəsizlik, mobil telefon istifadəsi, müəllimlərin geyimi, sınaq imtahanları və valideynlərlə görüşlərlə bağlı bir sıra yeni qaydalar tətbiq olunacaq. Yeni qaydalardan biri də odur ki, valideynlərlə görüşlər ölkə üzrə yalnız “Məktəb Randevu Sistemi” vasitəsilə planlaşdırılacaq. Valideynlərin əvvəlcədən qəbula yazılmadan məktəbə gəlməsinə, həmçinin şagirdin valideyni və ya qanuni nümayəndəsi olmayan şəxslərin məktəbə daxil olmasına icazə verilməyəcək.
Tehsilmedia.com xəbər verir ki, ingilis-dili müəllimi Səbinə Babayeva Redaktor.az-a açıqlamasında bildirib ki, onların dövründə valideynlərin məktəbə münasibəti bir qədər fərqli olub:
"Valideyn istədiyi vaxt məktəbə gələr, övladının dərsində iştirak edər, müəllimi dinləyər, uşağının dərslərinə və davranışına birbaşa nəzarət edərdi. Həmin dövrdə məktəb daha qapalı və təhlükəsiz mühit hesab olunurdu. Lakin zaman dəyişib, cəmiyyət dəyişib, təhlükələr də əvvəlki kimi deyil. Bu gün məktəblərin təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmaq zərurəti yaranıb. Məktəb uşağın evdən sonra vaxtının böyük hissəsini keçirdiyi məkandır. Buna görə də məktəb yalnız təhsil verilən yer deyil, həm də uşaqların təhlükəsizliyinin təmin olunmalı olduğu xüsusi bir mühitdir. Şagird dərsə daxil olduğu andan dərs müddəti başa çatanadək məktəb rəhbərliyi, müəllimlər və digər əməkdaşlar təhlükəsizliyin təmin olunmasına kollektiv şəkildə məsuliyyət daşıyırlar. Bununla belə, təhlükəsizlik yalnız müəllimin üzərinə qoyula biləcək məsuliyyət deyil. Bir müəllimin eyni anda 30-40 şagirdə tam nəzarət etməsini gözləmək real deyil. Müəllim də insandır, onun diqqətinin fiziki sərhədləri var. Xüsusilə fasilələr zamanı yüzlərlə, hətta minlərlə şagirdin olduğu böyük məktəblərdə bir neçə növbətçi müəllimin bütün ərazini eyni səviyyədə nəzarətdə saxlaması mümkün deyil. Buna görə də “növbətçi müəllim hara baxırdı?” kimi suallarla bütün məsuliyyəti bir nəfərin üzərinə qoymaq problemin həlli deyil".
Müsahibimizin fikirincə, əsl təhlükəsizlik məktəbin girişindən başlamalıdır:
"Məktəbə daxil olan şəxslərin kimliyi və məqsədi nəzarətdə saxlanılmalıdır. Böyük məktəblərdə bunun üçün bir neçə giriş nəzarətçisi və ya mühafizə əməkdaşı tələb oluna bilər. Kənar şəxsin heç bir nəzarət olmadan məktəbə daxil olması yolverilməzdir. Bu qaydalara etiraz edən valideynlər bir məqamı da nəzərə almalıdırlar: məktəb qapısının hər kəs üçün nəzarətsiz açıq olması yalnız onların özlərinə deyil, digər uşaqlara da risk yarada bilər. Əgər bir valideyn istədiyi vaxt, heç bir yoxlama və icazə olmadan məktəbə daxil ola bilirsə, eyni imkan başqa bir şəxs üçün də mövcuddur. Halbuki həmin şəxsin niyyətini əvvəlcədən bilmək mümkün deyil. Deməli, girişə nəzarət valideyni məktəbdən uzaqlaşdırmaq üçün deyil, ilk növbədə uşaqları qorumaq üçündür.
Valideynlərin övladlarının dərsində iştirak etmək istəyi isə müəyyən mənada başadüşüləndir. Hər bir valideyn istəyir ki, övladının dərsdə necə davrandığını, müəllimin dərsi necə keçdiyini və uşağının hansı səviyyədə hazırlaşdığını bilsin. Lakin valideynin təsadüfi şəkildə dərsə daxil olaraq müşahidə aparması həmişə real vəziyyəti göstərmir. Sinifə kənar bir insan daxil olduqda mühit dəyişir. Şagird valideyninin onu izlədiyini bildikdə özünü adi günlərdən fərqli apara bilər. Daha hazırlıqlı, daha intizamlı və daha diqqətli ola bilər. Müəllim də sinifdə kənar şəxsin olmasını nəzərə alaraq müəyyən qədər həyəcanlana bilər. Nəticədə valideynin müşahidə etdiyi dərs uşağın və müəllimin gündəlik fəaliyyətini tam əks etdirməyə bilər. Ona görə valideyn-məktəb münasibətinin daha müasir və sağlam forması yaradılmalıdır. Valideyn məktəbin fəaliyyətindən tamamilə kənarda qalmamalıdır, əksinə, məktəblə əməkdaşlıq etməlidir. Lakin bu əməkdaşlıq müəyyən qaydalar çərçivəsində həyata keçirilməlidir. Görüşlər, əvvəlcədən müəyyən edilmiş müşahidələr, müəllim-valideyn görüşləri və məktəbin digər nəzarət mexanizmləri bu əməkdaşlığın daha düzgün formaları ola bilər".
Müəllim vurğuladı ki, müasir texnologiyalar da valideynlərin övladlarının təhsil prosesindən xəbərdar olmasına imkan yaradır:
"Təhlükəsizlik qaydalarına və şəxsi məlumatların qorunması prinsiplərinə uyğun şəkildə tətbiq olunan müşahidə sistemləri, elektron qiymətləndirmə platformaları və valideyn-məktəb kommunikasiya vasitələri valideynin məktəbə fiziki müdaxiləsini azaltmaqla onun məlumatlılığını artıra bilər. Burada başqa bir mühüm məsələ də var: müəllim məktəbdə uşağın nəzarətçisi və ya qaravulçusu deyil. Müəllimin əsas vəzifəsi təhsil vermək, şagirdin inkişafına və tərbiyəsinə dəstək olmaq, dərs prosesini təşkil etməkdir. Təbii ki, məktəbdə olduğu müddətdə şagirdlərin təhlükəsizliyinə mümkün qədər nəzarət edilməlidir. Amma bütün məsuliyyəti bir müəllimin üzərinə qoymaq nə ədalətlidir, nə də realdır. Təhlükəsizlik bütün məktəb sisteminin birgə məsuliyyəti olmalıdır. Eyni zamanda müəllimlər də öz məsuliyyətlərini anlamalıdırlar. Məktəbin təhlükəsizliyi yalnız qapıda dayanan mühafizəçinin işi deyil. Məktəb rəhbərliyi, müəllim, texniki işçi, növbətçi əməkdaş və digər şəxslər öz vəzifələrini məsuliyyətlə yerinə yetirməlidirlər. Təhlükəsiz məktəb üçün sistemli yanaşma, aydın qaydalar və bu qaydaların ardıcıl tətbiqi lazımdır".
Onun sözlərinə görə, ən vacib məqamlardan biri də cəmiyyət olaraq qanun və qaydalara münasibətimizi dəyişməkdir:
"Bəzən qaydaların başqalarına tətbiq edilməsini istəyirik, amma həmin qayda öz işimizə mane olduqda ona etiraz edirik. Halbuki təhlükəsizlik qaydaları hamı üçün eyni olmalıdır. Məktəbə girişə nəzarət müəyyən valideynə qarşı qoyulmuş xüsusi məhdudiyyət deyil; məktəbdəki bütün uşaqların təhlükəsizliyi üçün tətbiq olunan ümumi qaydadır. Bu gün məktəblərdə əsas məqsəd valideynlə məktəb arasında sədd yaratmaq deyil. Əksinə, məqsəd valideyn, müəllim və məktəb rəhbərliyi arasında düzgün əməkdaşlıq modeli qurmaqdır. Valideyn məktəbin tərəfdaşı olmalıdır, amma məktəbin daxili nizamına və təhlükəsizlik qaydalarına hörmət etməlidir. Nəticə etibarilə, dövr dəyişdikcə məktəblərin təhlükəsizlik sistemi də dəyişməlidir. Məktəb qapısından içəri daxil olan hər bir şəxsin nəzarətdə saxlanılması, kənar şəxslərin yalnız icazə ilə məktəbə buraxılması, mühafizə və nəzarət sistemlərinin gücləndirilməsi uşaqların təhlükəsizliyi baxımından vacib addımlardır. Çünki məktəb uşaqların yalnız bilik aldığı deyil, həyatının böyük bir hissəsini keçirdiyi məkandır. Valideynin də, müəllimin də, məktəb rəhbərliyinin də əsas məqsədi eyni olmalıdır: uşaqların təhlükəsiz, sağlam və sağlam psixoloji mühitdə təhsil alması. Bunun üçün isə qarşılıqlı ittihamlardan daha çox, məsuliyyətli əməkdaşlığa və dövrün tələblərinə uyğun təhlükəsizlik qaydalarına ehtiyac var".




























