Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb
Azərbaycanda 2025-сi il oktyabrın 1-i vəziyyətinə 4 167 əyani ümumtəhsil məktəbində kompüter olub və bu da bütün məktəblərin 99,3 %-ni təşkil edib.
Tehsilmedia.com xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə kompüteri olan məktəblərin sayı 185 ədəd və ya 4,2 % azalıb.
Bu cür məktəblərin 2 946 ədədi (əvvəlki ilə nisbətən 149 ədəd az) kəndlərdə, müvafiq olaraq 1 221 ədədi (36 ədəd az) şəhərlərdə, o cümlədən 391-i Bakıda (4 ədəd çox) yerləşir.
Hesabat dövründə məktəblərdə 176 034 (40 050 ədəd və ya 29,5 % çox) kompüter, o cümlədən şəhər məktəblərində 125 114 (27 734 ədəd çox) kompüter olub.
Ölkə üzrə məktəblərdəki kompüterlərin 53,7 %-i (2,4 faiz bəndi az), o cümlədən şəhər məktəblərində mövcud olan kompüterlərin 56,5 %-i (2,8 faiz bəndi az), kənd məktəblərində - 46,8 %-i (1,1 faiz bəndi az) internetə qoşulmuş olub. Bu parametr üzrə ən yüksək göstərici Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, muxtar respublikadakı məktəblərdə mövcud kompüterlərin 89,2 %-nin (1,7 faiz bəndi az) internetə çıxışı olub. Ən aşağı göstərici (31,6 %) Şərqi Zəngəzur iqtisadi rayonunda olub.
Ölkə üzrə orta hesabla bir kompüterə düşən şagird sayı 9-a (3 nəfər az) bərabər olub.
Bütövlükdə 963 356 (30 757 nəfər çox) şagird internetdən istifadə edib. İnternetdən istifadə etmiş şagirdlərin ölkə üzrə məktəblərdə təhsil alan şagirdlərin sayına nisbəti 60,7 % (2,6 faiz bəndi çox) olub. Bu komponent üzrə də liderlik Naxçıvana məxsusdur. Muxtar respublikada təhsil alan şagirdlərin 99,1 %-i (0,8 faiz bəndi çox) ötən il internetdən istifadə edib. Ən aşağı (25 %) göstərici isə yenə də Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb.



























