PKTU-BMU Mühəndislik fakültəsinə qəbul planı 100 faiz dolub
Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsinə 2026/2027-ci tədris ili üzrə ilk qəbul həyata keçirilib. Yeni yaradılan fakültə üzrə müəyyən edilmiş qəbul planı 100 faiz yerinə yetirilib.
Tehsilmedia.az xəbər verir ki,nəzərdə tutulduğu kimi, fakültənin kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisaslarının hər biri üzrə 25 nəfər olmaqla, ümumilikdə 100 tələbə qəbul edilib. Qəbul olunan 100 tələbədən 57-si 500-dən yüksək bal toplayıb. Onlardan 51 nəfər 500-600 bal aralığında, 6 nəfər isə 600-dən yuxarı nəticə göstərib.
Fakültənin fəaliyyətə başladığı ilk ildə qəbul planının tam həcmdə yerinə yetirilməsi, qəbul olunan tələbələrin 57 faizinin isə 500-dən yüksək nəticə göstərməsi PKTU-BMU Mühəndislik fakültəsinə olan yüksək marağın və formalaşan tələbə kontingentinin akademik hazırlıq səviyyəsinin mühüm göstəricisidir.
PKTU-BMU Mühəndislik fakültəsində təhsil prosesi ikili diplom proqramı çərçivəsində 3+1 modeli əsasında təşkil olunacaq. Bu modelə uyğun olaraq, tələbələr təhsillərinin ilk üç ilini BMU-da, sonuncu ilini isə PKTU-da davam etdirəcəklər. Təhsil proqramını uğurla başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin diplomu təqdim olunacaq.
Fakültədə tədris prosesi BMU və PKTU-nun yüksəkixtisaslı professor-müəllim heyətinin iştirakı ilə həyata keçiriləcək. Tələbələr hər iki universitetin akademik və elmi potensialından, müasir tədris metodlarından və qabaqcıl akademik təcrübəsindən yararlanmaq imkanı əldə edəcəklər.
Çinlə əməkdaşlıq çərçivəsində mühəndislik və texnologiyanın mühüm istiqamətlərini əhatə edən yeni fakültənin fəaliyyətə başlaması BMU-nun beynəlxalq akademik tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, müasir mühəndislik istiqamətləri üzrə yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi və tələbələrin qlobal akademik mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. PKTU və BMU-nun birgə akademik və elmi potensialına əsaslanan bu təhsil modelinin tələbələrə müasir mühəndislik bilikləri və peşəkar kompetensiyalar qazandırmaqla yanaşı, onların beynəlxalq akademik və əmək mühitinə hazırlıq səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.



























