Bu gün dünyanın bir çox yerində ilk dərs günüdür - ÖLKƏLƏR
1 sentyabr tarixində, dünyanın bir sıra ölkələrində yeni tədris ili başlayır.
Tehsilmedia.com xəbər verir ki, azedu.az-ın araşdırmasına görə, Rusiya, Ukrayna, Meksika, Serbiya, Ermənistan, Latviya, Litva, Moldova, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Belarus və Gürcüstanda məktəblərin qapısı məhz sentyabrın 1-də şagirdlərin üzünə açılır.
Rusiyada bu tarix "Bilik Günü" kimi qeyd olunur və yeni tədris ilinin ilk günü hesab edilir. Ukraynada mövcud vəziyyətlə əlaqədar 1 sentyabr dərslər əyani, distant (onlayn) və ya qarışıq (hibrid) şəkildə həyata keçirilir.
Mərkəzi Asiya ölkələrinin böyük hissəsində də dərslər sentyabrın 1-də başlayır. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Belarusda yeni tədris ili bu tarixdən etibarən start götürür.
Baltikyanı ölkələrdən Latviya və Litvada, eləcə də Moldova, Gürcüstan və Serbiyada məktəblər də 1 sentyabrda fəaliyyətə başlayır. Meksika və Ermənistanda da 2025-2026-cı tədris ili sentyabrın ilk günündə başlayır.
Azərbaycanda isə ənənə fərqlidir. Ölkəmizdə yeni tədris ili sentyabrın 15-də başlayır.
Qeyd edək ki, Azərbaycanda əvvəllər dərslər də sentyabrın 1-də başlayırdı. Həmin qaydaya əsasən, tədris ili mayın 25-də başa çatırdı.



























