“Hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm” - Əməkdar müəllim
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu ildən distant təhsil modeli üzərində işləyirlər.
Nazir bildirib ki, 6 kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən mərkəzdən qoşulan bir müəllim tərəfindən onlayn təhsil alırlar: “Bu halda şagird həmin kənddə qalır, müəllim isə digər məktəbdən dərsə qoşulur. Bu kimi ciddi dəyişikliklər üçün təbii ki, zaman lazımdır. Hazırda ilkin mərhələdə olsaq da, prosesin müsbət addımlarla irəlilədiyini deyə bilərik. Yay aylarında şagird sayı yenidən hesablanacaq və bu istiqamətdə işlər davam etdiriləcək”.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, distant təhsil modeli bu gün təhsil sistemində ən həssas mövzulardan biridir:
"Çünki məsələni sadəcə “internet vasitəsilə dərs keçmək” kimi təqdim etmək doğru olmaz. Burada söhbət daha dərin problemdən gedir. Kiçik kənd məktəblərinin taleyi, ucqar bölgələrdə uşaqların keyfiyyətli müəllimə çıxışı və kəndlərin sosial həyatının qorunması problemlərini müştərək necə həll etmək olar? Son illərdə az şagirdli məktəblərlə bağlı rasionallaşdırma məsələsi tez-tez gündəmə gəlir. Bu da başadüşüləndir. Dövlət bir tərəfdən resursları səmərəli idarə etməlidir, digər tərəfdən isə kənd uşağını təhsildən və sosial mühitdən uzaq salmamalıdır. Ona görə burada seçim çox sadə görünür, amma əslində çox ağırdır. Ya kiçik məktəblər bağlanacaq, ya da onların yaşaması üçün yeni və daha çevik modellər qurulacaq. Distant təhsil məhz bu məqamda alternativ kimi təklif edilir. Zamanla da, bu modelin necə tətbiq olunacağının yaxşı və pis tərəflərini müşahidə edəciyik. Düşünürəm, kənddə məktəb binası qalarsa, uşaq öz yaşadığı mühitdən ayrılmaması şərtilə, müəllimlər çatışmayan fənlər üzrə mərkəzdən daha peşəkar dərs versə, bu yanaşma faydalı ola bilər. Xüsusilə xarici dil, riyaziyyat, informatika və digər ixtisas fənləri üzrə müəllim qıtlığı olan kənd məktəblərində bu model real çıxış yoludur. Amma gəlin özümümzü də aldatmayaq, biz distant təhsili kənd məktəbini qorumaq üçün tətbiq edirik, yoxsa onu tədricən zəiflədəciyik? Primitiv şəkildə, müəllim yoxdursa, kamera qoyaq, tədris davam etsin düsək, bu, birmənalı islahat deyil. Bu, problemin sadəcə ekran arxasında gizlədilməsidir. Distant təhsil yalnız o zaman ciddi modelə çevrilə bilər ki, onun arxasında pedaqoji hazırlıq, texniki təminat, yerli nəzarət və ölçülə bilən nəticələr dayansın. Ən böyük risklərdən biri uşağın sinifdə passiv tamaşaçıya çevrilməsidir. Kiçik kənd məktəbində şagird sadəcə ekrana baxıb dərs dinləməməlidir. Uşaq dərsdə iştirak etməli, sual verməli, müəllimlə əlaqədə olmalı, sinif mühitini hiss etməlidir. Xüsusilə ibtidai və aşağı siniflərdə ekran canlı müəllimi tam əvəz edə bilməz. Bu yaşda uşağın öyrənməsi yalnız məlumat qəbul etmək deyil, həm də münasibət, intizam, emosional bağ və sosiallaşma prosesidir".
Müsahibimiz hesab edir ki, ən doğru qərar tam distant model olmamalıdır, hibrid model qururlmalıdır:
"Yəni müəllim müəyyən fənlər üzrə mərkəzdən qoşula bilər, amma məktəbdə mütləq pedaqoji dəstək verməlidir. Bu şəxs isə sadəcə texniki işçi olmamalıdır. O, sinifdə uşaqların dərsə qoşulmasını, diqqətini, iştirakını və ümumi mühiti izləməlidir. Çünki ekrandan dərs keçən müəllim hər uşağın psixoloji vəziyyətini, dərsi anlayıb-anlamadığını, geridə qalıb-qalmadığını həmişə görə bilməz. Digər mühüm məsələ müəllim hazırlığıdır. Ənənəvi sinifdə yaxşı dərs deməklə onlayn sinfi yaxşı idarə etmək eyni şey deyil. Distant dərsin öz metodikası var. Müəllim uşağın diqqətini ekran arxasında necə saxlamalıdır? Onu necə aktiv etməlidir? Qısa tapşırıqları necə verməlidir? Geridə qalan şagirdi necə görməlidir? Bunlar ayrıca bacarıq tələb edir. Bu müəllimlər xüsusi hazırlıqdan keçməsə, modelin uğur qazanacağını gözləmək real deyil.Texniki tərəf də kağız üzərində həll olunmuş kimi görünməməlidir. Məktəbin internetə qoşulması hələ distant təhsilin keyfiyyətli olması demək deyil. Dərs zamanı səs qırılırsa, görüntü donursa, bağlantı tez-tez kəsilirsə, uşaq artıq dərsi itirir. Distant təhsil üçün sadəcə internet yox, sabit bağlantı, işlək avadanlıq, texniki dəstək və davamlı nəzarət lazımdır. Bu modelin sosial tərəfi də unudulmamalıdır. Məktəb kənd üçün yalnız təhsil binası deyil. Məktəb kəndin nəfəsidir, uşaqların bir araya gəldiyi, valideynlərin ümid bağladığı, müəllimin sosial nüfuz daşıdığı məkandır. Məktəb bağlananda təkcə təhsil itirilmir, kəndin gələcəyə bağlılığı da zəifləyir. Ona görə bu məsələyə yalnız büdcə qənaəti kimi baxmaq çox yanlış olar. Bu, həm təhsil, həm sosial siyasət, həm də demoqrafik məsələdir".
Sona Əliyevanın sözlərinə görə, yəqin ki, distant təhsil düzgün qurularsa, bu, kənd məktəblərinin bağlanmasının qarşısını qismən ala bilər.
"Amma yanlış tətbiq olunarsa, kənd uşaqları üçün ikinci dərəcəli təhsil modeli yarada bilər. Şəhərdə uşaq canlı müəllimlə, laboratoriya ilə, sosial mühitlə oxuyacaq, kənd uşağı isə yalnız ekrana baxacaqsa, bu, bərabər imkan deyil. Məni narahat edən əsas məsələ də budur: kənd uşaqlarını ikinci dərəcəli hesab etmək və daha qeyri-bərabər təhsil imkanları təqdim etmək. O ki qaldı nazirin bu prosesi “ilkin mərhələ” kimi təqdim etməsi, bu əslində doğru yanaşmadır. Çünki bu model tez-tələsik genişləndirilməməlidir. Əvvəlcə pilot məktəblərdə nəticələr ciddi ölçülməlidir. Məsələn, uşaqların davamiyyəti necə dəyişib, akademik göstəricilər artıbmı, valideynlər razıdırmı, müəllimlər bu sistemi idarə edə bilirmi, texniki problemlər nə qədərdir? Bu suallara cavab tapmadan modelin geniş tətbiqi riskli olar. Əslində, distant təhsil kiçik kənd məktəblərinin bağlanmasına bəhanə yox, onların yaşaması üçün dəstək mexanizmi olmalıdır. Əgər məqsəd doğrudan da uşağı kəndindən qoparmadan keyfiyyətli təhsilə çıxarmaqdırsa, bu model üzərində ciddi işləməyə dəyər. Amma əgər bu, sadəcə xərcləri azaltmaq üçün seçilən rahat yoldursa, itirən bizim uşaqlarımız olacaq. Mən distant təhsilin əleyhinə deyiləm. Mən hazırlıqsız, nəzarətsiz, ucuzlaşdırılmış distant təhsilin əleyhinəyəm. Uşaqlar üçün, kənd üçün də ən doğrusu o olar ki, uşaqlar kənddə qalır, məktəb bağlanmır, müəllim resursu mərkəzdən dəstəklənir, amma sinifdə canlı pedaqoji nəzarət, sosial mühit və hibrid tədris qorunur. Yalnız bu halda distant təhsil kənd uşağı üçün məhdudiyyətə yox, real imkana çevrilə bilər", - deyə Əməkdar müəllim yekunlaşdırdı.



























