Gimnastika yarışlarına start verildi
İyunun 22-də Məktəblilərin Respublika İdman Olimpiadası (MRİO) çərçivəsində gimnastika yarışlarına start verilib.
"Aztəhsil.az" xəbər verir ki, yarışlar Bakı Olimpiya İdman Kompleksində keçirilir. 2 gün baş tutacaq bədii gimnastika üzrə yarışlarda Sumqayıt İOEUGİM, Gəncə UGİM, Şuşa UGİM, Zaqatala UGİM, BGM və RKİM-i təmsil edən 60 gimnast iştirak edir. İdmançılar alətsiz, eləcə də lent, halqa, top və gürzlərlə çıxış edərək bacarıqlarını nümayiş etdirirlər.
Yarışın yekun nəticələrinə əsasən fərqlənən gimnastlar medallarla təltif olunacaqlar.
Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində iştirakçılar 6 gün ərzində gimnastika ilə yanaşı, ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.
Məktəblilərin Respublika İdman Olimpiadası Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir. Bu layihə məktəblilər arasında respublika səviyyəsində təşkil olunan ilk genişmiqyaslı idman tədbiridir.
Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlıq səviyyəsini yüksəltmək, istedadlı gəncləri üzə çıxarmaq və onların gələcək inkişaf perspektivlərini dəstəkləməkdir.


























