Yay məktəbi, yoxsa yay işgəncəsi?
Məktəblərdə "geridəqalmanı aradan qaldırmaq" adı altında növbəti bir yay məktəbi yaradılır. Kağız üzərində hər şey gözəl görünə bilər: uşaqlar dincəlmir, oxuyur, öyrənir. Amma gəlin reallığa baxaq:
1. 9 aya öyrənilməyən proqramı 14 günə necə öyrətmək olar?
Sentyabr ayından maya qədər – tam 9 ay ərzində müəllimin sinifdə addım-addım, bölmə-bölmə izah etdiyi, proqramı çatdıra bilmədiyi və ya şagirdin mənimsəməkdə çətinlik çəkdiyi mövzuları cəmi iki həftəyə beyinə qanunla yeritmək hansı məntiqlə mümkündür?
2. Kitabsız təhsil olur? Dərsliklər yoxdursa, uşaq nəyə baxsın?
Tədris ili bitən kimi məktəblərdə ilk iş dərsliklərin kitabxanaya yığılması olur. İndi ortada qəribə bir mənzərə var: şagird yay məktəbinə gəlir, amma qarşısında dərslik yoxdur. Kitabı əlindən alınan uşaq 14 günə nəyi, haradan oxuyub öyrənəcək? Müəllim hər gün lövhədə köhnə mövzuları köçürtməklə vaxt itirməlidir, yoxsa uşaqlar havadan mövzu uydurmalıdır? Kitabsız yay məktəbi təşkil etmək, əsgəri silahsız cəbhəyə göndərməyə bənzəyir.
3. Maaşsız işləyən müəllimin motivasiyası haradadır?
Ən ağrılı tərəfi isə müəllimlərin vəziyyətidir. Bu 14 günlük marafon üçün müəllimlərə heç bir əlavə maaş, kompensasiya və ya pul ödənilmir. İlin yorğunluğunu çıxarmalı olan, məzuniyyətə hazırlaşan müəllimi sinif otağına salıb "fədakarlıq et" demək nə dərəcədə doğrudur? Əməyin qiymətləndirilmədiyi, maddi qarşılığı olmayan yerdə hansı həvəsdən, hansı keyfiyyətli dərsdən söhbət gedə bilər? Pulsuz işlədilən müəllim sinifdə ancaq saatın tamamlanmasını gözləyəcək.
4. "Könüllü" adı altında məcburi icra
Hər yerdə bu prosesin "könüllü" olduğu deyilir. Amma reallıqda məktəb rəhbərlikləri yuxarıda gələn göstərişləri yerinə yetirmək üçün müəllimləri zorla, təzyiqlərlə yay məktəbinə cəlb edirlər. İmtina edən müəllim bəzən rəhbərliyin gözündə "qara siyahı"ya düşür, dərs saatlarının azaldılması ilə hədələnir.
Bu yay məktəbi reallıqda nə şagirdin geridəqalmasını aradan qaldırır, nə də təhsilə bir xeyir verir. Bu, sadəcə müəllimin haqqını tapdalayan, şagirdi yay istisində kitabsız-partasız yoran və yuxarı təşkilatlara "biz yayda da işlədik" hesabatı vermək üçün qurulmuş formal bir sistemdir. Təhsili 14 günlük sehirli çubuqla yox, 9 aylıq normal, sistemli və rüşvətsiz, dürüst idarəetmə ilə düzəltmək lazımdır.

























