Elm və Təhsil Nazirliyi bizi niyə məşğul edir?
Bu gün ölkə təhsilində hamının bildiyi, amma rəsmi hesabatlarda dilə gətirilməyən çox qəribə bir tendensiya var: harada ikinci, üçüncü dərəcəli, formal bir mövzu var, fırladıb onu ölkə gündəminə gətirirlər. Şagirdin geyim forması, sinifdə kiminsə çəkdiyi beş saniyəlik video və ya inzibati qadağalar günlərlə müzakirə olunur, amma sistemin əsasını gəmirən fundamental nöqsanlardan heç kim danışmaq istəmir. Çünki diqqəti yayındırmaq, real iş görməkdən həmişə daha asan olub.
Elm və Təhsil Nazirliyinin və onun yerlərdəki qurumlarının bu gün düşdüyü acınacaqlı vəziyyətin arxasında çox sadə bir reallıq dayanır: təhsilimiz dərindən, mahiyyətdən deyil, ancaq yuxarıya təqdim olunacaq "parlaq hesabatlar" və rəqəmlər üzərindən idarə olunur. Nazirlik üçün müəllimin sinifdə uşağa hansı təfəkkürü aşılamağı, onun düşünmə bacarığını necə inkişaf etdirməyi maraqlı deyil. Əsas odur ki, sertifikasiya və ya işə qəbul imtahanında rəqəmlər düz gəlsin, "filan qədər adam keçdi" deyib hesabat verilsin. İmtahanların məzmunu, sualların keyfiyyəti və o müəllimin reallıqda hansı metodla dərs keçəcəyi isə heç kimi düşündürmür.
Regional idarələrin və sektorların yaradılmasında məqsəd güman ki, işi çevikləşdirmək idi, amma reallıqda bu qurumlar sadəcə növbəti bürokratik maneəyə və yerlərdə müəllimlərin başı üstündə dayanan bir qorxu maşınına çevrildi. Bu gün bir çox kənd və rayon məktəblərində hamının bildiyi saxta ştatlar, faktiki olaraq işə gəlməyən amma maaş kartı işləyən "ruh adamlar", dövlət vəsaitlərinin qeyri-şəffaf xərclənməsi kimi ciddi nöqsanlar var. Bəs regional idarələr nə edir? Bu problemləri kökündən araşdırıb təmizləmək əvəzinə, yuxarıların gözündən düşməmək üçün məsələlərin üstünü ört-basdır edirlər. Çünki sistem reallığı üzə çıxarmağı yox, hər şeyin "əla" olduğunu göstərməyi tələb edir.
Ən böyük zərbə isə müəllim nüfuzuna vurulur. Müəllimi yaradıcı, sərbəst mütəfəkkir kimi görmək əvəzinə, onu hər addımbaşı cərimə, inzibati təzyiq və bürokratik qaydalarla çərçivəyə salıblar. Müəllim sinifdə şagirdə elmi, tənqidi təfəkkürü aşılamaq barədə yox, "görəsən bu gün hansısa qaydanı pozdummu, kiməsə bir söz dediyim üçün cərimələnərəmmi?" qorxusu ilə düşünür. Qorxu mühitində böyüyən müəllim isə azad nəsil yetişdirə bilməz.
Ən pisi də odur ki, bu sistemli qeyri-peşəkarlıq medianın və müstəqil ekspertlərin tənqidi araşdırmalarına qarşı tamamilə qapalıdır. Sual verəndə cavab vermək, problemi qəbul edib həll etmək əvəzinə, susmaq və ya müdafiə olunmaq taktikası seçilir. Təhsil o vaxt düzələcək ki, nazirlik vitrini bəzəməkdən, süni şoularla gündəm dəyişməkdən əl çəkib real məktəb mühitinə, maliyyə şəffaflığına və ləyaqətli kadr siyasətinə qayıdacaq. Əks halda, bu gün itirdiyimiz sadəcə vaxt deyil, ölkənin gələcəyidir.



























