Kolleclərin sayı ARTIB
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin və burada təhsil alan tələbələrin sayı artıb.
Tehsilmedia.com-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025/2026-cı tədris ilinin əvvəlinə ölkədə 64 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib. Bu göstərici 2024/2025-ci tədris ilində 63 olub.
Məlumata əsasən, 2000/2001-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin sayı 71 olduğu halda, 2010/2011-ci ildə 62-yə, 2015/2016-cı ildə 61-ə qədər azalıb. 2020/2021-ci ildə isə bu rəqəm 61, 2024/2025-ci ildə 63, 2025/2026-cı ildə 64 olub.
Orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı da yüksəlib. 2025/2026-cı tədris ilinin əvvəlinə burada ümumilikdə 65,8 min tələbə təhsil alıb. Onların 61,5 mini əyani, 4,3 mini isə qiyabi təhsil formasında olub.
Müqayisə üçün, 2024/2025-ci tədris ilində tələbələrin ümumi sayı 63,4 min nəfər təşkil edib. Beləliklə, bir il ərzində tələbələrin sayı 2,4 min nəfər artıb. Əhalinin hər 10 min nəfərinə düşən tələbələrin sayı da 62-dən 64-ə yüksəlib.
Qəbul olunanların sayı 24,7 min nəfərə çatıb
2025/2026-cı tədris ilinin əvvəlinə orta ixtisas təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı 24,7 min nəfər olub. Onlardan 24 mini əyani, 700 nəfəri isə qiyabi təhsil formasına qəbul edilib. Bu göstərici 2024/2025-ci tədris ilində 23,7 min nəfər olub. Beləliklə, bir il ərzində orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların sayı 1 min nəfər artıb.
Qeyd edək ki, 2000/2001-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların sayı 14,8 min nəfər olduğu halda, 2025/2026-cı ildə bu rəqəm 24,7 min nəfərə yüksəlib.



























