Qardaş-bacı eyni yolla getməlidir? - Müəllim sinfində gördüyü hadisəni yazdı
Uzaqdan baxanda bu mənzərə xoş görünə bilər: yüksək balla məktəbə qəbul olmuş qardaş və bacı 11 il eyni sinifdə oxuyur, məktəbi birlikdə bitirir, eyni ixtisası seçir və hətta universitetdə eyni qrupda təhsil alırlar. Bu, ilk baxışdan böyük bir üstünlük, gözəl bir ailə bağlılığı kimi görünür. Amma məsələnin bir də uşaqların fərdi inkişafı baxımından görünən tərəfi var.
Mən bunu öz sinfimdə real şəkildə müşahidə etmişəm. Qardaş-bacının bir yerdə olmasının, əlbəttə, çox müsbət tərəfləri var. Bir-birlərinə dayaq olurlar, bir-birlərini daha yaxşı tanıyırlar, çətinliklərini bölüşürlər. Amma bununla yanaşı, onların şəxsi sərhədləri və müstəqil şəxsiyyət kimi formalaşması üçün müəyyən çətinliklər də yarana bilər.
Uşaq böyüdükcə özünə məxsus sosial çevrəyə, dostlara, maraqlara və qərarlara ehtiyac duyur. Hər addımda yanında qardaşının və ya bacısının olması bəzən bu fərdiləşmə prosesini çətinləşdirə bilər. İnsan yalnız ailəsinin bir üzvü kimi deyil, ayrıca bir fərd kimi də özünü kəşf etməlidir.
Bəzən valideynlər bunu qorumaq və ayrılmalarının qarşısını almaq niyyəti ilə edirlər. Məsələn, uşaqlardan biri birinci qrup üzrə, digəri isə üçüncü qrup üzrə hazırlaşır. Lakin qardaş-bacı bir-birindən ayrılmasın deyə valideyn oğlanı da bacısının təmayülünə yönəltmək istəyirdi. Hətta gələcəkdə eyni universiteti seçmələrini arzulayır. Halbuki uşaqların öz istəyi tamam başqadır: “Artıq kifayətdir. Eyni məktəbdə oxuduq, eyni sinifdə olduq, eyni evdə yaşadıq. İndi öz yolumuzu seçmək istəyirik” deyirlər.
Bunu bəzən uşaqların zarafatlarından da hiss edirəm. Siniflə gəzintiyə gedəndə nəzarət çətinləşdiyi üçün uşaqların kiçik bacı-qardaşlarını gətiriməməyi tövsiyə edirəm. Həmin qardaş zarafatyana deyirlər ki, "müəllim, mən bacımı gətirməsəm olar?” Çünki onun üçün bu, artıq sadəcə qardaş-bacı münasibəti deyil — həyatının demək olar ki, hər mərhələsini eyni insanla paylaşmaqdır.
Burada məsələ qardaş-bacının bir-birini sevməməsi deyil. Əksinə, onlar çox mehribandırlar. Amma bəzən münasibətin qorunması üçün müəyyən məsafəyə də ehtiyac olur. İnsan bir-birini sevdiyi halda belə, özünə aid məkan, çevrə və həyat təcrübəsi istəyir.
Valideynin vəzifəsi uşaqları daim bir-birinə bağlamaq yox, onların müstəqil həyata hazırlaşmasına şərait yaratmaqdır. Eyni məktəb, eyni sinif, eyni ixtisas, eyni universitet, hətta eyni dost çevrəsi uşaqların seçimi olduğu zaman gözəldir. Amma bunu yalnız “ayrılmasınlar” düşüncəsi ilə etmək düzgün yanaşma olmaya bilər.
Çünki uşaqların bir-birindən ayrılması onları uzaqlaşdırmaq demək deyil. Bəzən əksinə, sağlam məsafə münasibəti daha da sağlam edir.
Qardaş-bacı bir-birinin kölgəsində deyil, öz həyatlarının işığında böyüməlidir. Onların hər birinin öz yolu, öz seçimi, öz çevrəsi və öz hekayəsi olmalıdır.
Səbinə BABAYEVA,
orta məktəb müəllimi




























