İmtahanda cinayət var, yoxsa “seçilmişlər” üçün toxunulmazlıq?
Son günlər DİM imtahanında sual ötürülməsi faktı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə haqlı rezonans doğurdu. Kamran Əsədov və onun həmkarının xüsusi vasitələrlə cavab ötürdüyü müəyyən edildi, DİM dərhal DTX-ya məlumat verdi və cinayət işi açıldı. Hüquqi dövlət üçün normal, hətta alqışlanmalı addım.
Amma burada dayanaq. Çünki sual təkcə budur: qanun hamı üçün eynidirmi?
Tehsilmedia.az bildirir ki, əgər qanun işləyirsə, onda niyə MİQ - Sertifikasiya imtahanlarında illərdir açıq-aşkar sual ötürən müəllimlər barədə heç bir cinayət işi açılmır? Niyə hər il imtahandan sonra sosial şəbəkələrdə konkret adlar, konkret sübutlar, konkret ekran görüntüləri dolaşır, amma məsuliyyətə cəlb edilən yoxdur?
İnformatika, riyaziyyat və digər fənlər üzrə sualların imtahan zamanı və ya dərhal sonra “müəyyən qruplara” həmin sualların keçirildiyi sosial mediada sübutlarla nümayiş etdirildi. Hətta TAİM və MHM kimi qurumların adları bu proseslərdə dəfələrlə hallandı. Bəs nəticə nə oldu? Heç nə.
Bir dəfə guya riyaziyyat üzrə “addım atıldı”. Nə oldu o addımın axırı? Bir nəfər məsuliyyətə cəlb olundumu? Cinayət işi açıldımı? Müəllimlərin haqqı bərpa edildimi? Xeyr.
Bu nə deməkdir? Belə çıxır ki:
İstədikləri müəllimi saxlayırlar
İstəmədiklərini rahatlıqla sistemdən çıxarırlar
Kim “düz kanalda”dırsa, toxunulmazdır
Kim səsini çıxarırsa, problemə çevrilir
Bu artıq imtahan yox, idarə olunan seleksiya mexanizmidir.
ARTİ isə bu mənzərədə ayrıca bir faciədir. Təlim mərkəzindən çox kurslar bazarına çevrilmiş struktur. Kurs sahibləri öz müdavimlərini qabağa çəkmək üçün sistemə təsir edir, sonra da utanmadan “bunker var, sual çıxmır” nağılları danışılır. Əgər bunker var idisə, o qədər sual necə çıxdı? Kim çıxardı? Kim ötürdü? Kim qorudu?
Bu gün minlərlə müəllimin taleyi bu qeyri-şəffaflıq üzündən məhv olur. İnsanlar illərini, biliklərini, zəhmətlərini itirir, amma cavab verən yoxdur. Çünki sistem ədalət üzərində yox, münasibətlər üzərində qurulub.
Əgər DİM-də sual ötürmək cinayətdirsə, MİQ-də niyə “görməməzlik”dir?
Əgər biri DTX-ya ötürülürsə, digəri niyə susdurulur?
Əgər qanun varsa, niyə seçicidir?
Bu artıq sadəcə imtahan problemi deyil. Bu, təhsildə ədalətsizliyin, ikili standartların və qorunan maraqların açıq etirafıdır.
Və ən təhlükəlisi budur: bu sistem müəllimi yox, itaət edənləri mükafatlandırır.




























