ARTİ gəlir, MÜTDA təkrar edir, TKTA isə nöqtəni qoyur: Azərbaycan məktəblərində monitorinq xaosu
Son illər məktəblərdə aparılan monitorinqlər artıq tənzimləmə yox, sistemli bir qarışıqlığa çevrilib. Bir məktəb bir il ərzində üç fərqli qurum tərəfindən eyni mövzularda təkrar-təkrar yoxlanır: əvvəl ARTİ, sonra MÜTDA, ən sonda isə TKTA. Bu ardıcıllıq sadəcə yorucu deyil — təhsilin içində bürokratik xaos yaratmaqdan başqa bir şey etmir.
İlk olaraq ARTİ məktəbə daxil olur və standart siyahısını açır: dərs nümunəsi, jurnallar, təlim mühiti, metodik iş, daxili sənədləşmə… Bütün proses mexaniki və çoxdan əzbərlənmiş formada gedir. Məktəb heyəti nə qədər səliqəli işləsə də, nəticə dəyişmir — hər zaman hansısa bir "çatışmazlıq aktı" tapılır.
Bu proses bitməmiş, bir neçə həftə sonra bu dəfə MÜTDA gəlir. Və ən təəccüblüsü odur ki, ARTİ-nin dünən istədiyi eyni sənədlər, eyni suallar, eyni yanaşma yenidən təkrarlanır. Məktəblərdə isə haqlı sual yaranır: “Əgər ARTİ yoxlayıbsa, MÜTDA niyə eyni şeyi bir daha yoxlayır?” Heç bir məntiqli cavab yoxdur. Sanki bir qurum o birinə etibar etmir, yaxud paralel sistemlər sadəcə özlərini fəaliyyətlə göstərmək üçün məktəbin üzərinə yük yığır.
İşin ən ağır hissəsi isə sonda gəlir: TKTA monitorinqi. Bu artıq üçüncü mərhələdir və proses yenə sıfırdan başlayır. TKTA da eyni sənədləri istəyir, eyni mövzuları araşdırır, eyni problemləri qeyd edir. Məktəbin üzərində qurulan bu “üçqat nəzarət sistemi” nə inkişaf gətirir, nə də real nəticə yaradır. Sadəcə müəllim və direktorun üzərinə əlavə yük qoyur.
Müəllimlər və direktorlar deyirlər ki, bu qurumların yazdığı qeydlərin 70-80 faizi bir-birinin eynisidir. Yəni, birinci qurumun tapdığı “çatışmazlığı” ikinci qurum kopyalayır, üçüncü qurum isə bir daha təsdiqləyir. Belə olan halda ortaya açıq sual çıxır: Əgər bir qurumun monitorinqi yetərlidirsə, o biri niyə onun işini təkrar edir? Əgər yetərli deyilsə, onda sistem niyə bu qədər çoxluqla işləyir?
Bu təkrarlanan yoxlamalar təkcə məktəbin işini çətinləşdirmir, həm də əsas missiyanı – təhsilin keyfiyyətini – arxa plana keçirir. Müəllim dərsə fokuslanmaq əvəzinə kağız yığır, direktor idarəetmə əvəzinə protokol toplamaqla məşğul olur. “Monitorinq” adı ilə aparılan bu prosesin nə pedaqoji dəstəyi var, nə metodik töhfəsi, nə də inkişaf yönümü. Sadəcə sənəd hazırlamaq və bürokratik hesabat istehsal etməkdən ibarətdir.
Reallıq budur ki, təhsildə inkişaf yoxlamanın çoxluğu ilə ölçülmür. Əksinə, sistemə vahid yanaşma, koordinasiya və real dəstək lazımdır. ARTİ-nin ayrı, MÜTDA-nın ayrı, TKTA-nın isə tam başqa istiqamətdə eyni işi görməsi sadəcə xaos yaradır və təhsilin içini boşaldır.
Məktəblər monitorinqin yox, dəstəyin üzərinə möhtacdır. Bu gün isə dəstək deyil, yalnız “yoxlamanın yoxlaması” var.




























