Qəlblərdə əbədi yaşayan lider
2003-cü il 12 dekabr tarixi Azərbaycan tarixində ən hüznlü günlərdən biridir. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Xalq hər il bu günü ümumxalq hüzn günü kimi qeyd edir. Bu kədərli hadisədən 21 il ötür. Bu illər ərzində Heydər Əliyevin xalqımızın və dövlətimizin taleyi ilə bağlı böyük arzularının inamla gerçəkləşdirilməsi ulu öndərin əziz və unudulmaz xatirəsinə ehtiramın bariz ifadəsidir.
Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Xüsusilə də, müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub.
Ulu öndər Heydər Əliyev öz fəaliyyətində digər sahələrə olduğu kimi, təhsil və elmə də xüsusi diqqət yetirirdi. Xalqın maariflənməsinə ciddi əhəmiyyət verən Ulu Öndərimiz Azərbaycan müəlliminə xüsusi qayğı göstərir, onları müxtəlif fəxri adlarla təltif edir, ən qabaqcıllarını bütün ölkədə tanıdırdı. Məktəblərin ana dilində dərslik, dərs vəsaitləri və metodik göstərişlərlə təmin olunması işi gücləndirilirdi. Respublikada ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət verilirdi.
Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana gedərək, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.
Ulu öndər Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı zaman, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.
1993-cü ildə Azərbaycanda hakimiyyətə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaqdan xilas etdi.Azərbaycanı çətin sınaqlardan çıxararaq sakitliyə və əmin-amanlığa qovuşdurdu. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi.
İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, misilsiz təşkilatçılıq işləri ilə yanaşı, çox zəngin elmi-nəzəri və mənəvi irs yaratmışdır. Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin qızıl fonduna daxil olmuş, milli dövlət quruculuğu prosesində əvəzsiz sərvətə çevrilmişdir.
2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi.
Artıq Ulu Öndərin ruhu şaddır ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi, 44 günə vətən torpaqlarımız erməni işğalından azad olundu.
Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var. Heydər Əliyev isə Azərbaycanda əbədi var olacaq.
Ruhun şad olsun Ümummilli lider, Ulu öndər.
Nizami Əhmədov,
Əməkdar müəllim,
Tərəqqi medallı,
Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimmaziyanın direktoru




























