Boş qalan plan yerlərinə müraciət edənlərə ekspertdən TÖVSİYƏ
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Maraqlıdır, boş qalan plan yerlərinə seçim edəcək abituriyentlər hansı nüanslara diqqət etməlidirlər?
Tehsilmedia.com bildirir ki, Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, birinci ixtisas qrupunda riyaziyyat-informatika alt qrupunda 18 plan yeri qalıb və 392 abituriyent mübarizə aparacaq:
"Bu o deməkdir ki, 18 plan yerinə 392 abituriyentin mübarizə aparması ən yüksək bal toplayıb ali təhsil müəssisəsinə birinci qəbulda qəbul ola bilməyən gənclərin qəbul olunması mümkün olacaq. Riyaziyyat-kimya alt qrupunda vəziyyət yaxşıdır: 519 yer qalıb və 519 yer uğrunda 362 abituriyent müraciət edəcək. Riyaziyyat-kimya alt qrupunda uyğun ixtisaslara, əlbəttə ki, subbakalavrların da qəbul olunma imkanı var.
İkinci ixtisas qrupuna nəzər yetirəriksə, ikinci ixtisas qrupunda vəziyyət daha yaxşıdır: 316 plan yerinə 41 abituriyent müraciət edəcək. Burada xüsusilə də turizm ixtisasında qəbul şansları daha çox olacaq. Eləcə də subbakalavrların həm turizm ixtisası üzrə, həm də ali təhsil müəssisələrinə uyğun olaraq, ixtisas qrupuna uyğun olaraq digər ixtisaslar üzrə qəbul imkanları yaranacaq.
Üçüncü ixtisas qrupunda xüsusilə də ən gərgin mübarizə görünəcək. 5 plan yeri qalıb — Bakı Dövlət Universitetinin Kitabxanaçılıq ixtisası üzrə, tədris ingilis dilində. 5 plan yerinə demək olar ki, 3 mindən yuxarı abituriyent müsabiqəyə buraxılacaq və burada da ən yüksək bal toplayan, yəqin ki, müraciət edən 5 nəfər qəbul olunmuş olacaq.
Dördüncü ixtisas qrupunda 407 boş yer qalıb və 407 boş yer uğrunda 124 abituriyent müraciət edəcək. Dördüncü ixtisas qruplarında xüsusilə də subbakalavrların uyğun ixtisasa müraciət edib qəbul olunma şansları, əlbəttə ki, var".
Müsahibimiz beçinci ixtisas qrupunda olan vəziyyətdən də bəhs etdi:
"Beşinci ixtisas qrupunda, çox təəssüf olsun ki, yerlər dizayn və idman sahəsi üzrə məhduddur. Dizayn ümumiyyətlə yoxdur, İdman Akademiyasında da sadəcə məşqçilik ixtisasları üzrə plan yerləri var. Bununla yanaşı, musiqi, operatorluq, xoreoqrafiya, aktyorluq istiqamətində də boş yerlər var. Bu boş yerlərə abituriyentlər, əlbəttə ki, müraciət edib qəbul imkanı əldə edə bilərlər. Bununla yanaşı, subbakalavrların da qəbul olunma imkanları bu ixtisaslarda var. Xüsusilə də musiqi yönümlü ixtisaslarda qəbul şansları daha çoxdur".
Ramin Nurəliyev abituriyentlərin hər birinə uğurlar arzulayır:
"Boş qalan plan yerlərinə müraciət edən abituriyentlərin düzgün müraciət etməsi, əlbəttə ki, daha çox diqqət etmələri lazım olan məqamlar var. Xüsusilə də plan yeri çox olan istiqamətlərdə, ikinci qrupda xüsusilə də turizm ixtisaslarına daha çox müraciət etsinlər. Çünki turizm ixtisasları üzrə plan yerləri daha çoxdur, iqtisadiyyat yönümlü ixtisaslarda bir az azdır. İkinci ixtisas qrupu abituriyentləri buna xüsusi diqqət yetirsinlər. Birinci ixtisas qrupunun riyaziyyat-kimya alt qruplarında xüsusi diqqət yetiriləcək məqam plan yerlərinin daha çox olduğu ixtisaslardır, bu ixtisaslara daha çox müraciət etsinlər. Üçüncü qrupda ümumiyyətlə vəziyyət kritikdir, həmçinin də birinci qrupun riyaziyyat-informatika alt qrupunda demək olar ki, vəziyyət kritikdir. Yəni burada deyiləcək bir şey yoxdur, 5 ən yüksək bal toplayan abituriyentin qəbul olunması mümkün olacaq üçüncü qrupda. Dördüncü qrupda da həmçinin abituriyentlər seçim edərkən düzgün seçim etməli, plan yerlərinə uyğun olaraq daha çox boş qalan yerlərə müraciət etmələri tövsiyə olunur".




























