Sevinc Orucova KİMƏ ARXAYINDIR?
44 il müəllimlik. 65 yaş. 96 bal. Prezident təltifləri. Prezident təqaüdü. Və qarşıda bir direktorun qərarı.. Məmmədova Nəzakət İsak qızı 44 ilini təhsilə həsr etmiş müəllimdir. Bu illərin nəticəsində dövlət səviyyəsində təltiflər alıb, “Əməkdar müəllim” adına layiq görülüb, Prezident təqaüdü alıb, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 65 yaşında isə kənara çəkilməyib. Sertifikatlaşdırmaya könüllü qatılıb. 54 bal imtahan. 40 bal müsahibə. 96 bal nəticə. Yəni, dövlətin müəyyən etdiyi mexanizm qarşısında öz peşəkarlığını bir daha nümayiş etdirib.
İndi isə sualımız Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovayadır.
Siz kimə arxayınsınız? Kimə arxayınsınız ki, 44 ilini təhsilə həsr etmiş, dövlət tərəfindən “Əməkdar müəllim” adı verilmiş, Prezident təqaüdünə layiq görülmüş və 65 yaşında sertifikatlaşdırmadan 96 bal toplamış müəllim öz əmək fəaliyyətini davam etdirmək istəyərkən qarşısında belə bir münasibətlə üzləşir?
Nəzakət Məmmədova sadəcə sıradan bir müəllim deyil. O, dövlətin özünün qiymətləndirdiyi müəllimdir. Əgər onun fəaliyyətini davam etdirməsinə maneə varsa, bu maneənin hüquqi əsası haradadır? Əgər dərs yükü məsələsidirsə — bölgünün meyarı nədir? Əgər yaş məsələsidirsə — hüquqi əsas nədir? Əgər direktorun şəxsi qərarıdırsa — həmin qərarın məsuliyyəti kimdədir? Yox, əgər bütün bunların arxasında başqa səbəb dayanırsa, onda daha ciddi sual ortaya çıxır:
Nədir Nəzakət Məmmədovaya qarşı bu münasibətin səbəbi? Onun YAP üzvü olmasıdır? Onun Prezident təqaüdçüsü olmasıdır? Yoxsa dövlət tərəfindən verilmiş fəxri adları və təltifləri bu liseydə hansısa şəxsin şəxsi münasibətindən daha aşağıda dayanır?
Daha bir sual:
Bir direktor hansı halda özünü dövlətin verdiyi qiymətdən üstün mövqedə görə bilər? Əgər Prezidentin imzası ilə verilmiş təltif, dövlətin ayırdığı Prezident təqaüdü və müəllimin 96 ballıq sertifikatlaşdırma nəticəsi direktor üçün heç bir əhəmiyyət daşımırsa, onda həmin meyarların müəllim üçün nə əhəmiyyəti qalır?
Biz heç kimi qabaqcadan ittiham etmirik. Biz sual veririk. Və bu sualın cavabını da Sevinc Orucovadan, Heydər Əliyev adına lisey rəhbərliyindən və Elm və Təhsil Nazirliyindən gözləyirik:
44 illik müəllimin qarşısında hansı hüquqi əsas dayanır?
Çünki əgər ortada qanuni və obyektiv səbəb yoxdursa, onda artıq söhbət bir müəllimin işindən yox, dövlətin müəllimə verdiyi qiymətin bir direktor səviyyəsində necə tətbiq edilməsindən gedir.
Tehsilmedia.com
































