“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
"6-7-ci sinifdən etibarən məktəblərdə 8-ci dərs saatının keçirilməsi ciddi müzakirə olunmalıdır. Çünki 11-13 yaşlı uşağın günün sonunda diqqəti, enerjisi və öyrənmə qabiliyyəti artıq əvvəlki saatlardakı səviyyədə olmur. Həmçinin, uşağın məktəbdə keçirdiyi vaxtı ev tapşırığı, repetitor, kurs və dərnəklərlə birlikdə düşünmək lazımdır. Əgər bütün bunların nəticəsində uşağın yuxusuna, hərəkətinə və istirahətinə vaxt qalmırsa, artıq ümumi yükdən danışmalıyıq".
Tehsilmedia.com xəbər verir ki, bunu redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva bildirib. O qeyd etdi ki, məktəblərdə 8-ci dərs saatını qiymətləndirərkən onun məzmununa da baxmaq lazımdır:
"Əgər günün son saatında riyaziyyat, fizika, xarici dil kimi yüksək diqqət tələb edən fənlər keçirilirsə, uşağın həmin saatda nə dərəcədə səmərəli öyrəndiyi sual doğurur. Əgər həmin saat bədən tərbiyəsi, musiqi, yaradıcılıq və ya uşağın daha fəal iştirak etdiyi fəaliyyətlərə ayrılırsa, vəziyyət tamamilə fərqli ola bilər. Odur ki, bu qərarları verməzdən əvvəl düşünmək lazımdır ki, 11-13 yaşlı uşağın bir gün ərzində ümumi yükü nə qədərdir və bu yük onun yaşına, yuxu ehtiyacına, fiziki aktivliyinə və istirahət imkanlarına uyğundurmu? Çünki uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək anlamına gəlmir. Təhsildə məqsəd uşağın dözümlülüyünü yoxlamaq deyil, onun öyrənməsi üçün ən səmərəli şəraiti yaratmaqdır. 8-ci dərs saatına da belə yanaşmaq lazımdır".
S.Əliyevanın fikrincə, şagirdlər üçün gündəlik 8 saatlıq akademik dərs açıq-aydın bir yükdür və uzunmüddətli perspektivdə uşağın istəksizliyinə, motivasiya itkisinə və sağlamlıq problemlərinə yol aça bilər.




























