Azərbaycanlı tələbələr niyə erməni dilini öyrənməlidir? – Deputat danışdı
Bakı Slavyan Universitetində (BSU) 2026-2027-ci tədris ilindən etibarən erməni dilinin tədrisinə başlanılacaq. Ümumilikdə, son illər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində xarici dillərin, o cümlədən region üçün strateji əhəmiyyət daşıyan dillərin tədrisinə maraq artır.
Bəs Azərbaycanlı tələbələrin erməni dilini öyrənməsi nə üçün vacibdir?
Tehsilmedia.com xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu yenilik deyil:
"Slavyan Universitetində buna qədər də erməni dili tədris edilirdi və yaxşı mütəxəssislər hazırlanır. Ümumilikdə götürəndə, Azərbaycanda universitetlərdə 20-yə qədər xarici dil tədris edilir. Ötən il isə Bakı Dövlət Universitetində özbək dili və ədəbiyyatı, qazax dili və ədəbiyyatı ixtisasları üzrə magistraturaya qəbul da həyata keçirildi. Görünən odur ki, Azərbaycanda xarici dillərin tədrisinə böyük əhəmiyyət verilir. Ermənistan bizim qonşumuzdur, münasibətlərimiz tədricən düzəlir. Bu baxımdan, həmin dilin öyrənilməsini fövqəladə bir hadisə kimi qiymətləndirmirəm. Ermənistanın öz universitetlərində də bu gün Azərbaycan və türk dilləri öyrənilir. Ümumiyyətlə, çox dil bilmək olduqca vacibdir və sevinirəm ki, bu gün gənclərimiz ənənəvi ingilis və rus dillərindən başqa, digər dilləri də öyrənməyə böyük maraq göstərirlər. Mən özüm ali məktəblərdə dərs deyirəm və tez-tez dərs dediyim qruplarda artıq 4-5 dil bilən gənclərə rast gəlirəm".




























