Bu, sadəcə texniki səhv deyil, gənclərin taleyi ilə oynamaqdır! - ŞƏRH
"Təhsil bir millətin gələcəyidir, savadlı gənclik isə onun dirəyidir. Lakin bu gün Azərbaycan təhsilində baş verən sistemli anormallıqlar gənclərimizin gələcəyini məhv edir, onların zəhmətini yerlə-yeksan edir.
Ortada acı və məntiqsiz bir mənzərə var:
1 və 2-ci ixtisas qruplarında 200+ bal toplayan abituriyent, rahatlıqla ödənişsiz (dövlət sifarişli) ixtisaslara qəbul ola bilir.
3 və 4-cü ixtisas qruplarında isə gənclərimiz 400, hətta 450-dən çox bal topladıqları halda, nəinki ödənişsiz, bəzən, ümumiyyətlə, ali məktəbə qəbul ola bilmirlər! Bu nə cür bölgüdür? Bu nə cür planlamadır? 400 bal toplayan bir uşağın əməyini, gecə-gündüz çəkdiyi əziyyətini üstündən xətt çəkib, kənarda saxlamaq 10 milyonluq xalqın gələcəyinə qarşı hörmətsizlikdir. Bu,sadəcə texniki səhv deyil, gənclərin taleyi ilə oynamaqdır!
DİM və Elm və Təhsil Nazirliyi nə vaxta qədər bu reallığa göz yumacaq?
Sual olunur: Guya 1 və 2-ci qrupu bitirənlərin hamısı öz ixtisası üzrə işlə təmin olunur ki, orada bu qədər ödənişsiz yer ayrılır? Əgər ölkədə humanitar və tibb sahələrinə tələbat yüksəkdirsə, niyə bu qruplarda yerlərin sayı gənclərin potensialına və axınına uyğun tənzimlənmir?
Məsələnin həlli əslində çox sadədir:Məktəblərdən real statistika toplanmalıdır: Şagirdlərin 9-cu, 10-cu sinifdən etibarən hansı qruplara üstünlük verdiyi öncədən müəyyən olunmalı və bu məlumatlar ETN tərəfindən ali məktəblərə ötürülməlidir. İxtisas yerləri tələbata uyğunlaşdırılmalıdır: Heç kim demir ki, birbaşa "Müalicə işi" üzrə 1000 nəfərlik əlavə yer açılsın. Amma elə bir çevik planlaşdırma aparılmalıdır ki, 400-500 bal toplayan savadlı kadrlar kənarda qalmasın.
Bir zamanlar özüm də yüksək balla 411 balla kənarda qalmağın acısını yaşamış bir ziyalı kimi bildirirəm: Dünyanın heç bir yerində belə bir absurd planlaşdırma yoxdur. Savadlı gənclərin həvəsini qırmaq, onları təhsildən və ölkədən soyutmaq olmaz. Təhsildəki bu iyrənc anormallığa, bu planlaşdırma özbaşınalığına dərhal son qoyulmalıdır! Xalqın övladlarının gələcəyi bir neçə kabinet məmurunun yanlış hesablamalarına qurban verilə bilməz!"




























