I qrupların nəzərinə: Riyaziyyatda hansı tip suallar gözlənilir?
Həftə sonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək.
Məlum olduğu kimi, I ixtisas qrupunda əsas fənlərdən biri riyaziyyatdır.
Ötən günlərdə II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanından sonra bəzi abituriyentlər riyaziyyat suallarının çətin olduğunu bildirmişdilər.
Bəs həftə sonu keçiriləcək I qrup imtahanında riyaziyyat suallarının səviyyəsi necə olacaq?
AzEdu.az-a açıqlama verən riyaziyyat müəllimi Səbuhi Abdullayev bildirib ki, qəbul imtahanlarında universitet səviyyəsinə uyğun, daha çox analiz və tətbiq bacarığı tələb edən sualların yer alması gözləniləndir:
“İmtahanda riyaziyyat sualları ilə bağlı əvvəlki illərlə müqayisədə müəyyən fərqi və situasiya xarakterli suallar var. Bu isə tətbiqi sualların sayının artacağını göstərir. Həm birinci, həm də ikinci qrup üzrə belə bir tendensiya gözlənilir.
Çünki məhz bu tətbiqi məsələləri mənimsəyən şagirdlər gələcəkdə ali təhsil müəssisələrinə qəbul olunduqları zaman orada aparılan tədqiqat işlərini və fundamental elmləri daha rahat və daha asan qavraya bilirlər. Lakin yalnız test üzərində işləyən və hazırda universitetlərə qəbul olmağa çalışan abituriyentlər üçün həmin universitetlərdə təhsil almaq gələcəkdə müəyyən çətinliklər yarada bilər. Eyni zamanda onların fundamental elmlərə yanaşmasında da problemlər meydana çıxır.
Bu səbəbdən ali təhsil müəssisələri də maraqlıdır ki, onlara qəbul olan abituriyentlərin bazası kifayət qədər formalaşmış olsun. Buna görə də bu istiqamətdə işlərin daha da genişlənəcəyi və imtahanlarda həmin tip suallara daha çox yer veriləcəyi gözlənilir. Şagirdlərə tövsiyəm bundan ibarətdir ki, onlar bu tipli suallara daha çox diqqət yetirsinlər, eyni zamanda situasiya tipli və tətbiqi məsələlər üzərində daha çox işləsinlər.
Repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslər də nəzərə almalıdırlar ki, artıq əvvəlki test modellərindən müəyyən qədər uzaqlaşaraq, bu tip məsələlər üzrə şagird hazırlamaq vacibdir. Bəzi repetitorlar və ya test müəllifləri sonradan sualların səviyyəsinin çətin olduğunu qeyd edirlər. Əslində isə bu tip suallarla işləyən şagirdlər üçün onların həlli o qədər də çətin deyil.
Sadəcə olaraq, bu istiqamətdə hazırlıq aparmaq, həm testlər, həm də tətbiqi məsələlər üzərində mütəmadi çalışmaq lazımdır".
























