Yeni təhsil modelinin gizli hədəfi - Məzahir Məmmədli AÇIQLADI
2026-2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilib.
Bəs yeni tədris modeli repetitorlara ehtiyacı azaldacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, artıq son iki ildir məktəblərdə təmayülləşmə istiqamətində fəaliyyət proqramı tərtib olunub və həyata keçirilir:
"Bu proqram həm Bakı şəhərində, həm də digər böyük şəhərlərdə və regionlarda çoxsaylı şagirdləri əhatə etməklə, yüksək ixtisaslı müəllimlərin imkanlarını səfərbər edərək repetitorluqdan tədricən xilas olmağın yollarını sınaqdan keçirən bir pilot layihədir. Əgər bu layihə cari ildə müəyyən effekt verərsə, o halda onun daha da genişləndirilməsi və məktəblərin əksəriyyətində tətbiq olunması məqsədəuyğun olacaq".
Müsahibimizin fikrincə, bundan sonra müəyyən mənada repetitorluqdan asılılığın azalması prosesi başlaya bilər:
"Lakin bu, repetitorluğun tamamilə sıradan çıxacağı anlamına gəlmir. Çünki bu gün cəmiyyətdə belə bir fikir formalaşıb ki, repetitorsuz ali təhsil müəssisəsinə qəbul olmaq mümkün deyil. Bu təsəvvür artıq insanların düşüncəsində müəyyən yer tutub və nəticədə onlar repetitor dəstəyi olmadan ali təhsil müəssisəsinə qəbul olmağı təsəvvür etməkdə çətinlik çəkirlər".

























