Tədbirlərə hazırlıq üçün dərnək dərsləri niyə ödənişlidir?
2025-2026-cı ilin tədris ilinin sonlarına yaxınlaşdıqca son zəng tədbiri, əlifba bayramı kimi tədbirlər üçün də müəyyən hazırlıqlar başlanılır. Valideynlər bildirirlər ki, məktəbdə son zəng tədbiri, əlifba bayramı, Novruz bayramı, Yeni il şənliyi və s. kimi xüsusi günlər üçün hazırlıqlar apararkən xüsusilə RƏQS DƏRSLƏRİ üçün ödəniş tələb edilir və məktəbdə rəqs dərsləri təşkil edilir.
Valideynlərin şikayəti əsasında Dərnək dərsi adı altında şagirdlərdən pul yığılıb hazırlıq keçirilməsinə qanuni cəhətdən yanaşıb izah edirik.
Tehsil.media bildirir ki, məktəblərdə Əlifba bayramı, Son zəng, Novruz və Yeni il kimi tədbirlər üçün hazırlıqların dərnək adı altında pullu edilməsi bir çox hallarda qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Dövlət təhsil müəssisələrində təhsilin pulsuz olması prinsipindən çıxış edərək, bu cür bayram tədbirlərinin təşkili məktəbin daxili resursları hesabına və müvafiq işçilərin vəzifə öhdəlikləri çərçivəsində həyata keçirilməlidir. Əgər hər hansı hazırlıq prosesi dərnək fəaliyyəti kimi təqdim olunursa, bu, ilk növbədə şagirdin və valideynin tam könüllü seçimi olmalıdır. Heç bir halda ödəniş etməyən şagirdin tədbirdə iştirakına maneə yaradıla bilməz və bu proses kütləvi pul yığımına çevrilməməlidir. Eyni zamanda, məktəbin daxilində ödənişli xidmət təşkil olunursa, yığılan vəsaitlər müəllimə və ya rəhbərliyə nağd şəkildə verilməməli, yalnız rəsmi müqavilə əsasında bank hesabına köçürülməlidir. Bayram şənlikləri üçün müəyyən xərclərin şagirdlərdən məcburi şəkildə tələb edilməsi və ya bunun dərnək haqqı kimi qələmə verilməsi yolverilməzdir. Belə hallar aşkarlandıqda valideynlərin müvafiq qurumlara və qaynar xətlərə müraciət etmək hüququ var, çünki təhsil mühitində şəffaflıq və pulsuz təhsil hüququnun qorunması əsas şərtdir.



























