Uğurdan sonrakı sükut: Birinci olmaq kifayətdirmi?
Sosial şəbəkə tez-tez əlində diplom tutan, boynundan medal asılan, gülümsəyən bir şagird və altında yüzlərlə "Təbrik edirəm!" şərhi görürük. Bəli, həmin an hamımız sevinirik, paylaşırıq, milli qürur hissi keçiririk. Amma ekranı aşağı sürüşdürən kimi həmin şagird də, onun uğuru da virtual tarixin dərinliklərində qalır.
Bəs, ya sonra? Həmin gəncin taleyi medalın parıltısı sönəndən sonra necə davam edir?
Tehsil.media qeyd edir ki, məsələnin ən ağrılı tərəfi odur ki, bizdə istedadlı şagirdə münasibət çox vaxt "anidən gələn alqış" səviyyəsində qalır. Birinci yerə çıxmaq əslində yolun sonu deyil, daha böyük məsuliyyətin və daha çətin bir mərhələnin başlanğıcıdır. Lakin reallıqda görürük ki:
Fərdi inkişaf proqramları yoxdur. Beynəlxalq və ya yerli yarışlarda qalib gələn şagird üçün xüsusi tədris planı, onun potensialını daha da artıracaq fərdi mentorluq xidməti təşkil olunmur.
Qalib olan şagird çox vaxt növbəti mərhələyə hazırlaşmaq üçün yenə öz vəsaiti (yaxud valideynlərinin imkanı) hesabına repetitor yanına getməli və ya baha qiymətə kitablar almalı olur.
Niyə bu uşaqlara dövlət və ya özəl sektor tərəfindən ömürlük təhsil təqaüdləri, xarici universitetlərə güzəştli qəbul və ya yay məktəbləri kimi real imkanlar təqdim edilmir?
Biz istedadlı şagirdi yalnız "nəticə" verəndə sevirik. Amma o nəticəni qoruyub saxlamaq üçün həmin gəncə davamlı qayğı lazımdır. Əgər bir uşaq riyaziyyatdan, fizikadan və ya idmandan birinci olursa, bu o deməkdir ki, onda qeyri-adi bir potensial var. Bu potensialı sadəcə bir kağız parçası (diplom) ilə mükafatlandırıb "get, nə edirsən et" demək, əslində o istedadı taleyin ümidinə buraxmaqdır.
Dünya təcrübəsində belə şagirdlər dərhal "istedadlar bankı"na daxil edilir. Onlara özəl fondlar tərəfindən ödənişsiz hazırlıq kursları, psixoloji dəstək və gələcək karyera zəmanəti verilir. Bizdə isə qalib şagird növbəti ilin yarışına qədər unudulur.
Nəticə olaraq, şagirdlərimizi sadəcə "təbrik obyekti" kimi görməkdən əl çəkməliyik. Onlara medal yox, o medalın layiq olduğu parlaq gələcəyi qurmaq üçün real imkanlar verilməlidir. Əks halda, bugünkü qaliblərimiz sabahın "unudulmuş istedadları"na çevriləcək.



























