Təhsil Savaşında Şagird Taleyi: Məleykə Abbaszadənin "İmtahan Eqosu" və İflas Edən Sistem
Hər ilin mart ayından etibarən Azərbaycan məktəbləri qəribə bir ziddiyyətlə üz-üzə qalır: Siniflər boşalır, müəllimlər boş partalara mühazirə oxuyur, direktorlar isə "davamiyyət yoxlanışı" qorxusu ilə kağız üzərində rəqəmləri düzəltməyə çalışır. Ortada isə acınacaqlı bir sual var: Əgər martda keçirilən buraxılış imtahanı ilə hər şey bitirsə, aprel, may və iyun aylarının tədris proqramı kimə və nəyə lazımdır?
Elm və Təhsil Nazirliyi (ETN) şagirdi şəxsiyyət kimi yetişdirmək üçün 11 illik, sistemli bir kurikulum proqramı hazırlayır. Lakin Dövlət İmtahan Mərkəzi (DİM) və onun rəhbəri Məleykə Abbaszadə bu proqramın son 3 ayını, sanki yoxmuş kimi, "oyundankənar" vəziyyətə salır. Buraxılış imtahanını mart ayına çəkməklə DİM, şagirdə açıq-aşkar bu mesajı verir: "Məktəb proqramı boş şeydir, mənim imtahanımdan keçdinmi, azadsan!"
Bu, sadəcə bir texniki vaxt planlaması deyil, bu, bir dövlət qurumunun digərinin zəhmətinə və strategiyasına qarşı apardığı gizli bir "savaşdır". Bu savaşın tək qurbanı isə şagirdlərin taleyidir.
Təhsilmedia.az qeyd edir ki, təhsil sahəsində proqram elə qurulmalıdır ki, onun məntiqi yekunu imtahan olsun. Hazırda isə biz bunun tam tərsinə şahidlik edirik. DİM rəhbərinin illərdir dəyişməyən sərt, "dediyim dedik" yanaşması təhsilin məzmununu deyil, yalnız imtahanın texniki icrasını üstün tutur. Elə çıxır ki, Məleykə xanım üçün ETN-in hazırladığı 11 illik proqramın son aylarındakı KSQ və BSQ-lər, şagirdin alacağı biliklər sadəcə "lazımsız kağız parçasıdır".
Niyə şagird mart ayından sonra KSQ-də iştirak etmək istəmir? Çünki o artıq "buraxılıb". Adı üstündə - Buraxılış İmtahanı. Şagirdi buraxmısınızsa, onu iyun ayına qədər parta arxasında hansı motivasiya ilə saxlayacaqsınız?
Müəllimlərə maaş verilir, məktəb binası saxlanılır, dövlət büdcəsindən milyonlar ayrılır, amma qarşılığında boş siniflər və formal yoxlamalar qalır.
Sual 1: 3 aylıq proqram oyuncaqdırsa, niyə dərsliklərə salınır?
Sual 2: DİM niyə öz imtahan tarixlərini ETN-in tədris planına uyğunlaşdırmır?
Sual 3: Nə vaxta qədər bir şəxsin eqosu və idarəetmə inadı bütöv bir nəslin təhsil illərini boşa çıxaracaq?
Bu sistemsizlik, qanunsuzluq və açıq-aşkar koordinasiyasızlıqdır. Məleykə Abbaszadənin DİM-i faktiki olaraq ETN-in proqramını saymır, onu heçə sayır. Bu "mənəmlik" yarışı təhsilin onurğa sütununu sındırır.
Təhsil nazirliyinin proqramının davamı və məntiqi sonu məhz buraxılış imtahanı olmalıdır – onun qarşısında duran, onu yarıda kəsən və şagirdi məktəbdən soyudan bir maneə yox! Artıq bu məsələni kağız üzərində yoxlamalarla deyil, köklü islahatlarla, "imtahan diktaturasına" son qoymaqla həll etməyin vaxtıdır.


























