Diplomlu İşsizlər Ordusu və "Yoldan Keçən" Müəllimlər
Təhsil sahəsindəki son qərarlar artıq narazılıq həddini çoxdan aşıb, insanlarda haqlı bir təəccüb və qəzəb yaradır. İllərdir pedaqoji təhsil alan, gecəsini gündüzünə qatıb müəllimlik ixtisasına yiyələnən minlərlə gənc işsiz qaldığı halda, indi də qeyri-ixtisas sahiblərinin məktəbə gətirilməsi hansı məntiqə sığır?
Tehsil.media qeyd edir ki, məsələ sadəcə kiminsə işlə təmin olunması deyil. Müəllimlik yalnız diplom deyil, həm də bir metodika, uşaq psixologiyasını anlamaq və sinif idarə etmək bacarığıdır. İndi belə çıxır ki, dörd il universitetdə bu sənətin incəliklərini öyrənənlər kənarda qalır, amma bu sahədən tamamilə uzaq olanlar qısa bir müddətdə "müəllim" olub sinfə girəcəklər.
On səkkiz ildir ölkədə kurikulum sistemi tətbiq olunur, amma hələ də bu sistemi nə tam formalaşdıra biliblər, nə də müəllimlərə normal şəkildə öyrədə biliblər. Ortada bu qədər uğursuz təcrübə varkən, pedaqoji keçmişi olmayan birinin şagirdlərlə ünsiyyət qurmasını, inklüziv mühit yaratmasını və ya mürəkkəb təhsil qanunlarını tətbiq etməsini gözləmək sadəlövhlükdür.
Universitetlər hər il konveyer üsulu ilə minlərlə məzun buraxır. Bu gənclərin çoxu MİQ imtahanlarının qapısında qalır, vakansiya tapılmır, sistem onları qəbul etmir. Əgər ortada bu qədər işsiz mütəxəssis ordusu varsa, niyə kənardan adam gətirməyə ehtiyac duyulur? Bu qərarın arxasında təhsilin keyfiyyətini qaldırmaq deyil, sadəcə müəyyən kurslardan və ya layihələrdən gəlir əldə etmək marağı dayanırsa, bu, bir nəslin gələcəyini məhv etmək deməkdir.
Məktəb təcrübə poliqonu deyil. Orada laboratoriya siçovulları deyil, canlı insanlar, uşaqlar yetişir. Təhsil idarəçiləri qərar verərkən "bu xalqın sonu necə olacaq?" sualını özlərinə vermirlər. Hər addım bir-birinə zidd, hər yenilik əvvəlki səhvi düzəltmək əvəzinə daha böyük bir xaos yaradır. Peşəkar müəllimin qiyməti olmayan yerdə, hər yoldan keçənin sinfə doluşması təhsili tamamilə uçuruma aparır.
Görünən odur ki, keyfiyyət və gələcək heç kimi maraqlandırmır, əsas odur ki, hansısa mexanizmlər işləsin və vəsaitlər dövr etsin. Amma unudulur ki, bu plansızlığın bədəlini bu günün işsiz gəncləri və sabahın savadsız qalan şagirdləri ödəyir.


























