Yay Məktəbi: Təhsil Layihəsi, yoxsa Müəllim və Şagirdin "İyun İşgəncəsi"?
Tədris ili bitir, proqram tamamlanır, imtahanlar yekunlaşır... Amma nə şagird, nə də müəllim istirahətə gedə bilir. Səbəb isə son illərin "ənənəvi" baş bəlasına çevrilən, kağız üzərində cəlbedici, reallıqda isə səmərəsiz görünən Yay Məktəbləridir.
Tehsilmedia.az qeyd edir ki, təhsil qurumları hər il bəyan edir ki, yay məktəbi könüllüdür. Lakin məktəb daxili vatsap qruplarında mənzərə tamam başqadır: "Hər sinifdən ən az 15 nəfər olmalıdır", "Siyahı yuxarı gedir", "İştirak etməyənlərlə bağlı rəhbərlik sorğu keçirəcək". Bu hansı məntiqlə könüllülük sayılır? Əgər bir valideyn övladının yayın istisində məktəbə getməsini istəmirsə, niyə direktorun reytinq xofuna görə təzyiqə məruz qalmalıdır?
Yay məktəbinin konkret və vahid bir proqramı varmı? Çox vaxt yoxdur. Müəllimlər yorğun, şagirdlər isə bezmiş halda sinif otaqlarında vaxt öldürürlər.
Pedaqoji səmərə: 2 həftəlik nizamsız məşğələ il boyu mənimsənilməyən boşluqları doldura bilərmi?
Fiziki şərait: İyunun 35-40 dərəcə istisində, kondisioneri olmayan, havasız sinif otaqlarında uşaqları saxlamaq onların sağlamlığına və təhsilə olan marağına zərbə deyilmi?
Bütün il boyu psixoloji və fiziki gərginliklə çalışan müəllim üçün iyun ayı nəfəs dərmək vaxtıdır. Lakin yay məktəbləri müəllimi faktiki olaraq məzuniyyətindən kəsib məktəbə bağlayır. Üstəlik, bu əlavə iş yükü üçün müəllimlərə hansı əlavə əməkhaqqı və ya stimullaşdırıcı ödəniş edilir? Cavab bəllidir: Heç nə. Müəllim fədakarlığı artıq "istismar" həddinə çatdırılıb.
Təhsil idarəçiləri hesabat verəndə "Bu il yay məktəbində bu qədər min şagird iştirak etdi" deyə fəxr edirlər. Amma həmin uşaqların neçə faizi oradan nəsə qazanıb? Neçə faizi sadəcə siyahıda adının görünməsi üçün oradadır?
Sual edirik: Təhsil Nazirliyi yay məktəblərinin real effektivliyini ölçən hansısa ciddi monitorinq keçiribmi? Yoxsa məqsəd sadəcə "iş gedir" görüntüsü yaratmaqdır?
Əgər yay məktəbi həqiqətən əyləncəli, düşərgə tipli və müasir formatda deyilsə, o, sadəcə divarlar arasında keçən boşa verilmiş vaxtdır. Uşaqların yayını, müəllimlərin isə haqlı istirahətini statistika xatirinə əllərindən almayın.

























