ETN-nin dekorasiya siyasəti bir yağışa dözməz... - FAKT BUDUR!
Düzgün suallar qoymaqla və bu sual ətrafında düzgün müzakirələr aparmaqla inkişafa nail olmaq mümkündür"
(Emin Əmrullayev)
Biz həmişəki kimi, yenə sual qoyuruq. ETN də bu düzgün sualın düzgün və obyektiv müzakirısini aparsın (əgər istəyirsə), inkişafa nail olsun (əgər bacarırsa).
Ölkədə gedən rəqəmsal transformasiya prosesləri yenə də universitetlərdən yan keçir.
Rəqəmsal transformasiya (RT) universitetləri fiziki infrastrukturdan çıxarıb intellektual və texnoloji ekosistemə çevirməlidir.
ETN isə bu gün universitetləri fiziki olaraq regionlara köçürmək haqqında düşünür.
30 ildə universitetlərin informatlaşmasına maliyyə tapılmadığı halda, rəqəmsal transformasiya gedilmədiyi halda, indi universitetlərin fiziki transformasiyasına yüz milyonlar sərf ediləcəkdi. Bu isə universitetlərin inkişafına təsir etməyəcək.
Universitetlərin RT edilməsində əsas məqsəd təhsil prosesini süni intellekt (Sİ) və distant texnologiyalar əsasında modernləşdirmək, tələbələr üçün fərdi və qlobal səviyyədə rəqabətədavamlı təhsil imkanları yaratmaq, müəllimlərin texnoloji və pedaqoji bacarıqlarını artırmaq,
universitetlərin qlobal reytinqlərdə mövqeyini gücləndirməkdir.
Bunları etmədən müasir universitet adı iddiasında olmaq, reytinqlərdə yüksəlmək mümkün deyil.
Bu gün "inkişaf" kimi bizə təqdim edilən "nəticələr", sadəcə QS şirkətinin ödəniş əsasında məlumatların manipulyasiyası vasitəsi ilə, əhəmiyyətsiz parametrlər üzrə inkişaf görüntüsü yaratmasıdır.
QS şirkətinə "konsaltınq xidməti" üçün ödənilən xidmət haqqı pullarını universitetlər real inkişaf layihələrinə yönəltsə, inkişafa daha faydalı olardı, nəinki bu yollarla "gözə kül üfürmək".
Kimi aldadırıq?
Nə vaxta qədər?
ETN işi paytaxtın drenaj sistemi kimidir: zahirən iş var, real heç nə yoxdur. Ortalıqda bir yağışlıq dekorasiya var.
Müəllif: İlham Əhmədov - Mənbə: "DİA-AZ"



























