Mədəniyyət təhsilində dönüş ili: hansı yeniliklər baş verdi?
Mədəniyyət təhsilində son 1 ildə nə baş verib?
Azərbaycan zəngin mədəni irsə malik ölkədir. Bu irsin qorunması və inkişafında incəsənət məktəblərində çalışan müəllimlərin rolu əvəzsizdir. Son bir ildə Mədəniyyət Nazirliyi bu sahədə geniş islahatlara start verib və mədəniyyət təhsilində yeni mərhələnin əsası qoyulub.
Müəllimlərin peşəkar səriştələrinin qiymətləndirilməsi
İlk dəfə olaraq sistemdə çalışan 4 min müəllimin peşəkar bilik və bacarıqları qiymətləndirilib. Niyə görə bu proses vacibdir? Çünki istər sovet dövründə, istərsə də müstəqil Azərbaycan tarixində heç vaxt incəsənət müəllimlərinin peşəkar qiymətləndirilməsi aparılmamışdı. Baxmayaraq ki, orta məktəb müəllimlərinin diaqnostikası, eləcə də sonrakı mərhələdə sertifaksiyasına 10 il bundan əvvəl başlanılmışdır.
Keçirilən attestasiyanın nəticəsi bu oldu ki, musiqi, incəsənət məktəblərində çalışan müəllimlər keçirilən qiymətləndirmənin şəffaflığına inana bildilər. Həm də incəsənət məktəblərinin “təhsilin arxa bağçası” olmadığı qənaəti formalaşdı. İncəsənət məktəblərinin statusu yüksəldi. Bu sahədə çalışan müəllimlər daha ciddi-cəhdlə öz üzərlərində işləməyə başladılar. O da bəllidi ki, attestasiyadan keçən müəllimlər daha çox dərs saatları ilə təmin olunur, bu da onların əməkhaqqlarının əhəmiyyətli artımına səbəb olur.Məsələn, bu gün yüksək səriştəli piano müəllimi 36 saat dərs saatına malik olmaqla 1500 manatdan çox məvacib alır.İncəsənət təhsili təkcə ixtisaslı ifaçı yetişdirmir, həm də insanın fərqli perspektivləri görmək, problemlərə alternativ həll tapmaq qabiliyyətini artırır. Təsadüfi deyil ki, XXI əsrin inteqrativ təhsil modeli olan STEAM-ın vacib sütunlarından biri incəsənət-artla bağlıdır.




























