“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” – Təhsil tədqiqatçısı
“Ötən həftə Milli Məclisin Elm və təhsil komitəsində ali təhsil pilləsinin bakalavriatura səviyyəsinin 4 ildən 3 ilə, magistratura səviyyəsinin isə 2 ildən 1 ilə endirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Bakalavriatura ilə bağlı çox danışılıb. Bununla bağlı müəyyən şərhlər, izahlar verilib, təhlillər aparılıb. Magistratura məsələsinə gəldikdə isə bəli, magistratura və doktorantura səviyyələri üzrə təhsil müddəti artıq dünya standartlarında getdikcə aşağı salınır”.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib.
Onun sözlərinə görə, bu, qeyri-adi bir tendensiya kimi də qarşılanmır:
“Çünki burada əsas məqsəd bəlli proqramın, master proqramın müəyyən müddət ərzində tədris edilərək sıxışdırılmasıdır. Magistratura səviyyəsi kimləri qəbul edir? Bir ixtisas üzrə baza təhsilini almış, bakalavriat səviyyəsini uğurla başa çatdırmış və imtahandan sonra öz ixtisasının daha təkmil istiqaməti, daha təkmil səviyyəsi üzrə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulur, düz deyilmi? Yəni bu şəxs artıq proqramın müəyyən hissəsini bilir. Ona lazımdır ki, master səviyyəsində, ustad səviyyəsində olan detalları da mənimsəsin və oradan çıxış edərək düşünürəm ki, bakalavr səviyyəsindən fərqli olaraq, magistraturada bu yeniliyi etmək daha asan olacaq.
Düzdür, indi hamı deyir ki, bakalavriat səviyyəsində təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi o qədər də problemli məsələ deyil. Amma bu, ixtisaslara görə dəyişiklikləri olan bir qrafik tələb edir. Elə ixtisas var ki, bəli, onun bakalavriat səviyyəsində proqramını 3 ilə sığdırmaq olar, eləsi var ki, yox. Amma magistraturada məsələ başqadır. Magistraturada artıq hazır kadrla iş gedir. Bu hazır kadr ona məlum olan proqramın daha üst səviyyəsini mənimsəmək üçün bir illik zaman kəsiyindən bol-bol istifadə edə bilər. Əksinə, iki illik mərhələ, iki illik müddət, necə deyim, magistr üçün o qədər də vacib deyil. Dünya standartlarında da bu belədir. Bəzi məsələlər var ki, biz artıq onlara getməliyik. Təhsil həm milli olduğu qədər, həm də qlobal bir çağırışdır. Qlobal çağırış zamana qənaəti, sürətlə inkişafı, süni intellektlə adekvat işləməyi tələb edirsə, biz də ona getməliyik və gedəcəyik də”.






























