Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
"Bu tezislərlə yanaşı ETN üçün konkret olaraq Strateji Yol Xəritəsi lazımdır..."
(Müəllimlərin sentyabr konfransında (2026) nazirin məruzəsinə analitik baxış...)
“Mühüm məsələ bu gəlişigözəl sözlərin kağız üzərində qalması yox, onun həyata keçirilməsidir...”
Tehsilmedia.com moderator.az-a istinadən aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurum” başlıqlı növbəti elmi-analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Son vaxtlar təhsil sistemində bir sıra maraqlı tədbirlər oldu. Bu sahənin tədqiqatçısı kimi tədbirlər bizə maraqlı idi. Bu tədbirləri internet üzərindən (distant) izlədik (internet yaradanın atasına rəhmət). Bəzi qeydlər etdik.
“PİSA -2025” hesabatı barədə artıq bir neçə məqalə dərc etdirmişik(məsələn: burada:) Bu yazıda isə müəllimlərin sentyabr konfransında (2026) elm və təhsil nazirinin məruzəsinə elmi münasibət bildirmək istəyirik. Nazirin məruzəsini tezislər kimi təqdim edib, hər tezis barədə fikrimizi bildirəcəyik.
Azərbaycan təhsil sistemi bu tezisləri həyata keçirəcək potensiala (təşkilati, elmi-metodik və insan kapitalına) malikdirmi? Tezislər əslində Azərbaycan təhsil idarəçiliyində mühüm metodoloji dəyişikliyin aparılmasını tələb edir. Əgər nəticə əsas göstəricidirsə, onda məktəbin fəaliyyətini yalnız keçirilən layihələrin, alınan avadanlığın, təşkil edilən seminarların, sertifikatlaşdırmadan keçən müəllimlərin sayı ilə ölçmək artıq kifayət etməməlidir. Əsas məsələ keçirilən tədbirlər nəticəsində şagird nəyi əvvəlkindən daha yaxşı bacarır? Sualına cavab verməkdir. Məhz bu sualın cavabı Azərbaycan təhsilində “fəaliyyət göstəricilərindən” nəticə və təsir göstəricilərinə keçidin başlanğıcı ola bilər. Mühüm məsələ bu gəlişigözəl sözlərin kağız üzərində qalması yox, onun həyata keçirilməsidir...
Problem tezislərdə deyil. Bu tezislərin əksəriyyəti doğrudur. Amma bu tezislər diaqnozdan, mexanizmdən, məsuliyyətdən, resursdan və ölçülə bilən hədəfdən məhrumdurlar.
Konfransında nazir şagirdlərin öyrənmə nəticələrini əsas meyar kimi göstərib, qərarların tədqiqat, məlumat və təhlilə əsaslanmasını, məlumatəsaslı idarəetməni, məktəbdaxili ölçmələri, vahid metodologiyanı və müəllimlərin metodoloji dəstəklənməsini vurğulayıb.
Nazirin qeyd etdiyi təhsili idarəetmə fəlsəfəsi ilə təhsil sisteminin potensialı arasında böyük məsafə var. Təqdim etdiyimiz bu məqalə bu böyük məsafəni göstərir.
“PISA-2025” və DİM -2026 bizə nə deyir?..
Əvvəlcə sistemin nəticəsinə baxaq. “PISA-2025”-də Azərbaycandan 241 məktəbdən 7432 şagird iştirak edib və nəticələr ölkə üzrə reprezentativ hesab olunur. Riyaziyyatda orta nəticə 422, oxu savadlılığında 374, təbiət elmlərində isə “OECD” məlumatında 409 baldır. “OECD” orta göstəriciləri müvafiq olaraq 463, 461 və 482 baldır.
“OECD” Azərbaycan üzrə riyaziyyat və oxu nəticələrinin 2009-cu ildəki səviyyəyə təxminən bərabər olduğunu, təbiət elmlərində isə 2009-cu illə müqayisədə artım olduğunu bildirir. Eyni zamanda ən güclü və ən zəif şagirdlər arasındakı fərq hər üç sahədə genişlənib. Yəni 2026-cı ildə qarşımızda duran problem sadəcə “bəzi məktəblərin zəif nəticəsi” deyil...
“PISA-2025” hesabatı təhsilin sistem səviyyəli problemlərinin güzgüsüdür...
DİM-in 2026-cı il qiymətləndirmə fəaliyyəti də hər il minlərlə şagirdin Azərbaycan dili, riyaziyyat, xarici dil və digər sahələr üzrə real hazırlıq səviyyəsini ölçür. DİM-in 2026 yekun qiymətləndirmə materiallarında 9 və 11-ci sinif üzrə çoxsaylı buraxılış imtahanlarının nəticələri və ayrıca nəticə təhlilləri təqdim olunur. Problem artıq məlumatın olmaması deyil, bu məlumatı sistemli elmi qərara çevirə bilməməkdir.
Tezis 1. “Təhsilin keyfiyyətinin əsas göstəricisi şagirdin öyrənmə nəticəsidir...”
Tezis doğrudur. Amma yeni deyil. Bu, müasir təhsil elminin fundamental müddəalarından biridir. Bəs bu nəticələri sistemli şəkildə yaxşılaşdırmaq üçün hansı mexanizm mövcuddur?
“PISA-2025” göstərir ki, Azərbaycan şagirdlərinin nəticələri “OECD” ortalamasından xeyli aşağıdır və xüsusilə oxu savadlılığı ciddi problemdir. Deməli, sadəcə “Şagird nəticələri əsas göstəricidir” etirafı problemi həll etmir. ETN daha sonra bu suallara cavab verməlidir:
• Hansı sinifdə problem başlayır?
• Hansı kompetensiya zəifdir?
• Hansı məktəblərdə daha güclüdür?
• Zəifliyin səbəbi müəllimdir, kurikulumdur, dərslikdir, məktəb rəhbərliyidir, sosial mühitdir, yoxsa bunların kombinasiyası?
• Hansı müdaxilə hansı nəticəni neçə faiz dəyişib?
• Bir şagirdin nəticəsini 20 bal artırmaq üçün hansı müdaxilə lazımdır?
Tezis var. Səbəb-nəticə modeli yoxdur.
Tezis 2. “Qərarlar tədqiqatlara, məlumatlara və təhlillərə əsaslanmalıdır...”
Bu, çıxışın ən mühüm tezislərindən biridir. Amma burada ciddi paradoks var. Qərarlar tədqiqata əsaslanmalıdır. Niyə?
Azərbaycanın neçə güclü təhsil siyasəti üzrə tədqiqat institutu var?..
Azərbaycanın neçə təhsil siyasəti tədqiqatçısı, təhsil iqtisadçısı, psixometr, statistik, təhsil üzrə data elm mütəxəssisi, öyrənmə elmi, kurikulum tədqiqatçısı, müqayisəli təhsil mütəxəssisi, proqram qiymətləndiricisi, səbəb- nəticəçıxarma üzrə mütəxəssis, təhsil siyasəti analitiki sistem daxilində işləyir?..
Burada söhbət 20–30 nəfərdən yox, təşkilati komanda və məktəbdən gedir. Tədqiqat əsaslı idarəetmə üçün nazirlik daxilində kiçik şöbə kifayət etmir. Bunun üçün təhsil siyasəti institutu + data platforması + müstəqil qiymətləndirmə + universitet tədqiqatçıları + məktəb səviyyəsində data analitikası lazımdır. Bu infrastruktur olmadan “qərarlar tədqiqata əsaslanmalıdır” demək metodoloji prinsipdir, idarəetmə mexanizmi deyil.
Tezis 3. “Effektiv yanaşmalar ardıcıl və davamlı tətbiq edilməlidir...”
Bu da doğrudur. Amma “effektiv” sözünün özü böyük elmi problemdir.
Nəyi səmərəli hesab edirik? Layihə keçirildi? Müəllim təlim aldı? 100 məktəbə kompüter verildi? 5000 müəllim seminarda iştirak etdi? Yoxsa şagirdin oxu bacarığı artdı, riyazi problem həlli yüksəldi, müəllimin dərs praktikası dəyişdi, zəif şagirdlərin nəticəsi yaxşılaşdı? Əgər ikinci qrup göstəricilər ölçülmürsə, “effektiv yanaşma” ifadəsi sadəcə inzibati qiymətləndirməyə çevrilir.
Əsl model belə olmalıdır: Pilot → baseline(ilkin baza) → müdaxilə → kontrol/müqayisə → ölçmə → təsir analizi → müstəqil qiymətləndirmə → miqyaslandırma. Azərbaycan təhsil idarəçiliyində məhz belə “təsirin qiymətləndirilməsi” mədəniyyəti gücləndirilməlidir.
Tezis 4. “Məktəbdə məlumatlara əsaslanan idarəetmə gücləndirilməlidir...”
Məktəb direktoru hansı məlumat analitikası hazırlığına malikdir?
Məktəb direktorunun əlində data ola bilər. Amma data ≠ analitika. Analitika üçün direktor orta göstəricini, medianı, dispersiyanı(statistikada verilənlərin öz orta qiymət ətrafında nə qədər səpələndiyini göstərən ölçü), trendi, qruplar arasındakı fərqi, korrelyasiyanı, səbəb-nəticə əlaqəsinin məhdudiyyətlərini, risk qruplarını, intervention effectiveness-i( müdaxilənin nəticəliliyi) bilməlidir. Əks halda “data əsaslı idarəetmə” “Excel” cədvəlinə baxmaqdan o tərəfə keçməyəcək.
Tezis 5. “Məktəbdaxili ölçmələri gücləndirmək lazımdır…”
Bu fikir də doğrudur. Amma ölçmə ilə qiymətləndirmə eyni şey deyil. Məktəb daxilində yüzlərlə test keçirmək mümkündür. Amma pis hazırlanmış test çoxlu məlumat yaradır, az informasiya verir. Burada Azərbaycan üçün ciddi “qiymətləndirmə savadlılığı” problemi var. Müəllim bilməlidir ki, o, hansı bacarığı ölçür, tapşırıq hansı səviyyədədir, test etibarlıdırmı, nəticə nə dərəcədə obyektivdir, səhvin səbəbi nədir, nəticəyə əsasən hansı “pedaqoji müdaxilə” edilməlidir. Yəni, ölç → təhlil et → müdaxilə et → yenidən ölç. Sadəcə “ölç” kifayət deyil.
Tezis 6. “Vahid metodologiya və meyarlar tətbiq edilməlidir...”
Bu tezis diqqətlə işlənməlidir. Çünki vahidlik həmişə keyfiyyət demək deyil. Bakıdakı seçmə məktəblə
ucqar regiondakı kiçik kənd məktəbinin imkanları eyni deyil. Eyni standart lazımdır. Amma eyni müdaxilə həmişə lazım deyil. Müasir sistem vahid standart + diferensial müdaxilə prinsipi ilə işləməlidir. Əks halda “vahid metodologiya” bürokratik standartlaşmaya çevrilə bilər.
Tezis 7. “Zəif nəticənin səbəbini müəyyənləşdirmək lazımdır...”
Bu, maraqlı elmi tezisdir. Amma burada da səbəbin analizi lazımdır. Məsələn: şagird riyaziyyatdan zəifdir. Niyə ? müəllim zəifdir? şagird əvvəlki sinifdə bazanı mənimsəməyib? dərslik uyğun deyil? məktəbdə dərs saatı çatmır? repetitorluq sistemi tədrisi dəyişib? ailə mühiti? sosial-iqtisadi status? dil problemi? motivasiya? qiymətləndirmə? məktəb rəhbərliyi?
“PISA-2025” özü də Azərbaycanda sosial-iqtisadi statusun nəticələrlə əlaqəli olduğunu göstərir, məsələn, sosial-iqtisadi baxımdan üstün və zəif qruplar arasında təbiət elmlərində 63 ballıq fərq qeydə alınıb. Deməli, “səbəbi araşdırmaq lazımdır” demək kifayət deyil, ETN səbəb analizinin metodologiyasını təqdim etməlidir.
Tezis 8. “Müəllim şagirdini daha yaxşı tanımalıdır...”
Pedaqoji baxımdan doğrudur. Amma bunu reallaşdırmaq üçün müəllimə diaqnostik məlumat, fərdi təlim profili, psixometrik alətlər, rəqəmsal qiymətləndirmə, Sİ analitik köməkçi, fərdi tədris materialları lazımdır. Əks halda müəllim şagirdi “müşahidə yolu ilə” tanıyacaq. Bu isə 25–30 şagirdlik sinifdə çətindir.
Müasir model “Müəllim + Data + Süni İntellekt Köməkçisi” kimi olmalıdır. Müəllimdən tələb etmək olar ki, şagirdini yaxşı tanı. Amma əvvəl ona alətlər, sistem vermək lazımdır. Onun sinfindəki hər şagird haqqında diaqnostik məlumat, risk göstəricisi və fərdi müdaxilə tövsiyəsi üçün vasitələri olmalıdır.
Tezis 9. “Ailə və sosial mühit də nəticələrə təsir edir...”
Elmi baxımdan doğrudur. Amma təhlükəli tərəfi var. Bu tezis məktəbin məsuliyyətini valideynin üzərinə ötürmək üçün istifadə olunmamalıdır. “PISA” nəticələri sosial-iqtisadi amillərin əhəmiyyətini göstərir. Amma dövlətin işi məhz bundan sonra başlayır. Sosial-iqtisadi cəhətdən problemləri olan uşaqlar üçün kompensasiya mexanizmləri varmı? Məsələn, əlavə dərs, erkən diaqnostika, məktəb psixoloqu, sosial pedaqoq, pulsuz rəqəmsal resurs, yay məktəbi, fərdi təlim planı, Sİ öyrənmə köməkçisi. Ailə də təsir edir fikri diaqnozdur, dövlət müdaxiləsi isə müalicədir.
Tezis 10. “Məktəb–valideyn–icma əməkdaşlığı gücləndirilməlidir...”
Doğrudur. Amma bu tezis də artıq pedaqogika dərsliklərində çoxdan var.
Bəs bu əməkdaşlıq necə qurulmalıdır? Valideyn hansı qərara qoşulacaq? İcmanın hansı səlahiyyəti olacaq? Məktəbin nəticəsinə görə kim hesabat verəcək? Valideynin iştirakı necə ölçüləcək? Əməkdaşlığın nəticəsi hansı “KPI” (qarşıya qoyulan məqsədə nə dərəcədə çatdığımızı ölçən konkret göstərici) ilə qiymətləndiriləcək? Bunlar yoxdursa, “məktəb–valideyn–icma əməkdaşlığı” xoş səslənən ümumi ifadədir.
Tezis 11. “Müəllim təhsildə həlledici fiqurdur...”
Əlbəttə. Amma müəllimi sıxışdırmaq, sistemdən təcrid etmək, “Məktəblinin dosti” kimi təhsil mühitinə yad uşaqlara tabe etmək olmaz. Müəllim keyfiyyəti müəllim hazırlığı + universitet + kurikulum + dərslik + məktəb rəhbərliyi + qiymətləndirmə + əməkhaqqı + peşəkar inkişaf + iş yükü + metodik dəstək sisteminin nəticəsidir.
•
• Ona görədə “Müəllim əsasdır” demək hələ müəllim siyasəti deyil. Müəllim siyasəti üçün müəllim səriştəsi modeli, yeni müəllim hazırlığı, klinik pedaqoji praktika, mentorluq, karyera nərdivanı, mikro-kvalifikasiya, mikro-sertifikat, süni intellekt savadlılığı, fəaliyyət dəstəyi lazımdır.
Tezis 12. Sertifikatlaşdırma.
Sertifikatlaşdırma müəllimin test nəticəsini yaxşılaşdırır, yoxsa şagirdin öyrənmə nəticəsini?
Əgər əsas “KPI” şagird nəticəsidirsə, sertifikatlaşdırmanın effektivliyi də onunla ölçülməlidir. Nazirin bildirdiyi kimi, sertifikatlaşdırmadan keçən müəllimlərin payı yüksək səviyyəyə çatıb. Onda növbəti mərhələdə bilinməlidir ki, sertifikatlaşdırmadan keçmiş müəllimlərin şagirdlərinin öyrənmə nəticəsi nə qədər yaxşılaşıb? Bu sualın sistemli uzunmüddətli cavabı olmadan sertifikatlaşdırmanın təhsil keyfiyyətinə təsiri barədə nəticə çıxarmaq olmaz.
Tezis 13. Ən böyük boşluq: insan kapitalı
Nazirin çıxışında deyilənləri həyata keçirmək üçün adi inzibati aparat kifayət etmir. Artıq yeni tipli təhsil məmuru lazımdır. Məsələn: təhsil siyasəti üzrə (təhsil siyasəti üzrə analitik, təhsil iqtisadçısı, mütəxəssis), Data üzrə (statistik- psixometrik- data üzrə alim, Sİ / maşın öyrənməsi üzrə mütəxəssis), Pedaqogika üzrə (öyrənmə elmi üzrə alim, kurikulum üzrə alim - qiymətləndirmə üzrə mütəxəssis - tədris dizayneri), İdarəetmə üzrə (proqram qiymətləndiricisi, dəyişikliklərin idarə edilməsi üzrə mütəxəssis, tətbiqetmə elmi üzrə mütəxəssis). Belə bir komanda olmadan “data-driven education” yalnız şüar olaraq qalacaq.
Tezis 14. Bəs “PISA-2025” fonunda sistemin hazırkı vəziyyəti necədir?
“PISA -2025”-in ən ciddi mesajlarından biri budur ki, Azərbaycan nəticələri riyaziyyat və oxuda 2009-cu illə müqayisədə əsaslı sıçrayış göstərmir. Bu, sadəcə məktəb problemini deyil, təhsil siyasətinin icra qabiliyyəti problemini göstərir. Çünki 15–17 il ərzində kurikulum dəyişib, dərsliklər dəyişib, müəllim sertifikasiyası tətbiq olunub, elektron sistemlər yaradılıb, məktəblər yenilənib, böyük maliyyə resursları ayrılıb, müxtəlif layihələr həyata keçirilib. Amma “PISA”-da təməl öyrənmə nəticələri hələ də ciddi şəkildə aşağıdır.
Fəaliyyətlərin çoxluğu nəticənin yüksək olması mənasını vermir.
Tezis 15. Əsas paradoks: nazirlik nəticəyönümlülükdən danışır, amma sistem fəaliyyətyönümlüdür...
Bu çıxışın ən ciddi ziddiyyətidir. Müasir idarəetmədə Giriş → Fəaliyyət → Məhsul → Nəticə → Təsir zənciri var. Azərbaycan təhsilində isə çox zaman hesabat təlim keçirdik → layihə etdik → məktəb təmir etdik → avadanlıq aldıq → müəllim sertifikatlaşdırıldı → tədbir keçirdik səviyyəsində qalır. Halbuki nazirin öz tezisinə əsasən əsas məsələ “Bütün bunlardan sonra şagird nəyi daha yaxşı bacarır?” olmalıdır.
Tezis 16. Bəs bu tezisləri reallaşdırmaq üçün neçə il lazımdır?..
Burada iki ssenari mümkündür.
I ssenari — mövcud idarəetmə məntiqi davam edərsə ...
10 il: diaqnostika və müəyyən lokal yaxşılaşmalar.
20 il: müəyyən sistem dəyişiklikləri.
30 il: ciddi keyfiyyət sıçrayışı ehtimalı.
Yəni indiki “layihə → tədbir → hesabat” modelinin davamı ilə fundamental transformasiya çox uzun çəkə bilər.
II ssenari — real sistem transformasiyası başlanarsa …
2026–2028: diaqnostika, təşkilaati quruculuq, data sistemi, müəllim siyasəti.
2028–2031: pilotlar və nəticə əsaslı müdaxilələr.
2031–2035: uğurlu modellərin milli miqyasda tətbiqi.
2035–2040: tədqiqat və innovasiya əsaslı təhsil sistemi.
Yəni 10 il ərzində ciddi dəyişiklik mümkündür. Amma bunun üçün əsas şərt ETN-nin özünün də transformasiyası lazımdır, özü də bu proses məktəbin transformasiyasından əvvəl və ya paralel getməlidir.
Gördüyümüz kimi, nazirin çıxışında müəyyən faydalı ideyalar, istiqamət baxımından düzgün tezislər var. Amma onlar əsasən “nə etmək lazımdır?” sualına cavab verir. Azərbaycan təhsili artıq bunlari necə etmək mərhələsinə keçməlidir. 6 il əvvəl nazir etiraf edirdi ki, biz nə etmək lazım olduğunu bilirik, amma bunu necə etmək lazım olduğunu bilmirik. Bu 6 ildə təhsildə nəyi və necə etmək lazım olduğu haqda 1000+ məqalə yazdıq ki, ETN istifadə etsin. Bu 1001-ci məqalə də təcrübəsiz təhsil menecerlərinə növbəti dəstəkdir. Görək, mətni oxuyub başa düşəcəklərmi? Axı onlar da bizim milli məktəblərin məzunlarıdır.
Bu tezislərlə yanaşı ETN üçün konkret olaraq yol xəritəsi –SYX (Strateji Yol Xəritəsi) lazımdır . Təhsilimizdə heç vaxt real SYX olmayıb...
ETN bilməlidir ki, “Bunları kim edəcək?” “Hansı elmi metodla edəcək?” “Hansı insan kapitalı ilə edəcək?” “Nə qədər maliyyə lazımdır?” “Nə vaxt edəcək?” Nəticəni kim ölçəcək?” “Nəticə alınmasa kim məsuliyyət daşıyacaq?” “Uğurlu olub-olmadığını hansı KPI göstərəcək?” Bu suallar cavabsız qalırsa, ən gözəl təhsil tezisləri belə pedaqoji aforizmlər səviyyəsində qalır.
Azərbaycan təhsilinə daha çox “nə etmək lazımdır” tezisləri yox, “necə etmək lazımdır” kimi elmi-texnoloji idarəetmə sistemi lazımdır...
"PISA -2025" artıq bizə problemin miqyasını göstərdi. DİM-in 2026-cı il qiymətləndirmə sistemi isə hər il məktəb məzunlarının real akademik hazırlığı haqqında böyük həcmdə məlumat yaradır. İndi növbəti mərhələ “daha çox ölçmək” yox, “ölçülmüş nəticəni elmi qərara çevirməkdir”. Bunun üçün isə ölkədə ayrıca bir tədqiqat institute kimi “Təhsil Beyin Mərkəzi” yaradılmalıdır. Çünki, ARTİ 10 ildir ki, əsas fəaliyyətindən yayındırılıb. Bu ETN daxilində adi struktur bölməsi yox, universitetlər, DİM, statistika, əmək bazarı, beynəlxalq qiymətləndirmələr və müstəqil tədqiqatçıları birləşdirən real təhsil siyasəti beyin mərkəzi olmalıdır.
PISA nəticəsini bilmək bir məsələdir, PISA nəticəsinin səbəbini elmi baxımdan müəyyənləşdirmək başqa bir məsələdir. Səbəbi müəyyənləşdirib işlək dövlət siyasətinə çevirmək isə tam başqa elmi və təşkilati qabiliyyətdir.
Azərbaycan təhsilinin əsas problemi, məhz bu üçüncü mərhələdədir.
P.S. 6 il əvvəl nazir etiraf edirdi ki, biz nə etmək lazım olduğunu bilirik, amma bunu necə etmək lazım olduğunu bilmirik. Bu 6 ildə təhsildə nəyi və necə etmək lazım olduğu haqda 1000+ məqalə yazdıq ki, ETN istifadə etsin. Görək menecerlər mətni oxuyub başa düşəcəklərmi? Axı onlar da bizim milli məktəblərin məzunlarıdır.
Müəllif:
Dosent İlham Əhmədov





























