Universitetə yeni bina və pul verməklə universitet yaratmaq olmaz - MƏQALƏ
Universitetin yüksəlişinin iki qanadı: strategiya və investisiya…
İnvestisiyası olmayan universitetə heç bir strategiya kömək etməz. Strategiyası olmayan universitetə heç bir investisiya kömək etməz…
Tehsilmedia.com aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Universitetin yüksəlişinin iki qanadı: strategiya və investisiya” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Universitetlərin inkişafı haqqında danışarkən daha çox iki anlayış diqqət çəkir: strategiya və maliyyələşmə. Lakin çox vaxt bu iki amil ayrı-ayrılıqda müzakirə olunur. Bir tərəfdən universitetlər üçün strateji inkişaf proqramları hazırlanır, digər tərəfdən müxtəlif istiqamətlər üzrə maliyyə vəsaitləri ayrılır. Halbuki universitetin real yüksəlişi üçün bu iki resursun ayrı-ayrılıqda deyil, vahid sistemi kimi işləməsi zəruridir. İnkişaf başqa cür mümkün deyil…
İnvestisiyası olmayan universitetə heç bir strategiya kömək etməz. Strategiyası olmayan universitetə isə heç bir investisiya kömək etməz. Strategiya və investisiya universitetin yüksəlişinin qoşa qanadıdır.
Bu qanadlardan biri işləmədikdə universitetin uçuşu mümkün deyil.
1. Strategiya niyə investisiya tələb edir?
Strategiya sadəcə sənəd deyil. Strategiya universitetin gələcəkdə harada olmaq istədiyini göstərən seçimlər sistemidir. Yaxşı strategiya aşağıdakı suallara cavab verməlidir:
• Universitet 5–10 ildən sonra hansı səviyyədə olmalıdır?
• Hansı elmi sahələrdə ixtisaslaşmalıdır?
• Hansı proqramları inkişaf etdirməlidir?
• Hansı beynəlxalq bazarlara çıxmalıdır?
• Hansı tədqiqat infrastrukturu yaradılmalıdır?
• Hansı professor və tədqiqatçıları cəlb etməlidir?
• Sənaye ilə hansı əlaqələri qurmalıdır?
• Tələbəyə hansı yeni təhsil modeli təqdim edilməlidir?
• Hansı rəqəmsal və süni intellekt texnologiyalarından və necə istifadə olunmalıdır?
Bu suallara cavab vermək özü də resurs tələb edir. Strategiya hazırlamaq üçün analitika, məlumat infrastrukturu, ekspertiza, beynəlxalq müqayisələr, əmək bazarının təhlili, texnoloji audit və institusional qiymətləndirmə aparılmalıdır.
Deməli, yaxşı strategiyanın hazırlanması özü də investisiya tələb edir. Bizim universitetlərin strategiyası ictimai əaslarla hazırlandığı, dərin təhlil və araşdırmalar aparılmadığı üçün, keyfiyyətiz olur.
Əgər universitet strategiyanı yalnız formal sənəd kimi hazırlayır, lakin onun həyata keçirilməsi üçün maliyyə mexanizmi yaratmırsa, həmin sənəd real inkişaf strategiyası deyil, inzibati sənədə çevrilir.
2. İnvestisiya niyə strategiyasız nəticə vermir?
Universitetə böyük maliyyə vəsaiti ayırmaq avtomatik olaraq onun inkişafına gətirib çıxarmır. Çünki pul hələ inkişaf deyil.
İnkişaf — investisiyanın düzgün istiqamətə yönəldilmiş nəticəsidir.
Məsələn, universitetdə yeni bina tikilir, auditoriyalar təmir olunur, mebel yenilənir, fasad dəyişdirilir, inzibati binalar modernləşdirilir v.s. Bunlar müəyyən mənada lazımlı ola bilər, lakin universitetin elmi məhsuldarlığı, beynəlxalq tədqiqat layihələri artmırsa, patent və texnologiyalar yaranmırsa, doktorantura güclənmirsə, professor-müəllim heyətinin keyfiyyəti yüksəlmirsə, məzunların əmək bazarındakı nəticələri yaxşılaşmırsa, belə investisiyanı universitetin inkişaf investisiyası adlandırmaq olmaz.
Təmir xərci universitetin fiziki şəraitini yaxşılaşdıra bilər, inkişaf investisiyası isə universitetin gələcək potensialını artırmalıdır.
3. Təmir ilə inkişaf investisiyasını qarışdırmaq olmaz...
Universitet idarəçiliyində ən mühüm problemlərdən biri kapital xərcləri ilə inkişaf investisiyalarının eyniləşdirilməsidir. Məsələn, yeni laboratoriya binası tikmək özü-özlüyündə inkişaf demək deyil. Əgər həmin laboratoriyada güclü tədqiqatçılar, müasir avadanlıq yoxdursa, elmi layihələr maliyyələşdirilmirsə, doktorantlar cəlb olunmursa, beynəlxalq şəbəkələr qurulmayıbsa, sənaye ilə əməkdaşlıq yoxdursa, onda bina sadəcə fiziki infrastruktur olaraq qalır.
Əsl inkişaf investisiyası “bina + avadanlıq + insan kapitalı + tədqiqat maliyyəsi + beynəlxalq əməkdaşlıq + idarəetmə” kombinasiyasıdır.
Bu səbəbdən universitet investisiyalarını üç kateqoriyaya ayırmaq faydalıdır:
İnvestisiya növü Məqsəd
İnfrastruktur investisiyası Bina, təmir, avadanlıq
İnsan kapitalına investisiya Professor, tədqiqatçı, doktorant
İnnovasiya və tədqiqat investisiyası Laboratoriya, qrant, patent, startap, R&D
İnkişaf təsiri
Zəruri, lakin kifayət deyil
Yüksək
Strateji
Ən böyük səhv birinci kateqoriyanın üçüncü kateqoriyanı əvəz etməsidir.
4. Universitetə pul deyil, inkişaf kapitalı lazımdır…
Universitetin inkişafını yalnız büdcənin həcmi ilə ölçmək düzgün deyil. Əsas məsələ “universitetə nə qədər pul ayrıldı?” deyil, “ayrılan hər 1 manat universitetin gələcək intellektual və iqtisadi dəyərini nə qədər artırdı?” kimi olmalıdır.
Bu yanaşma universitet maliyyələşməsinə yeni baxış tələb edir. Məsələn, 10 milyon manatlıq investisiya nəticəsində universitetdə yalnız binalar yenilənirsə, bunun uzunmüddətli elmi təsiri məhdud ola bilər. Amma eyni vəsaitin müəyyən hissəsi aparıcı alimlərin cəlbinə, gənc tədqiqatçıların qrantlarına, doktorantura proqramlarına, müasir laboratoriyalara, beynəlxalq tədqiqat konsorsiumlarına, universitet-sənaye layihələrinə, texnologiya transferinə, startap ekosisteminə, süni intellekt və rəqəmsal infrastruktura yönəldilərsə, universitetin intellektual kapitalı formalaşmağa başlayır.
5. Universitet strategiyasının ən böyük problem “hər şeyi etmək” cəhdidir...
Güclü universitet strategiyasının mühüm xüsusiyyəti seçim etməkdir. Universitet eyni zamanda bütün elm sahələrində, bütün ixtisaslarda, bütün texnologiyalarda, bütün regionlarda lider ola bilməz.
Resurs məhdud olduqda universitet strateji fokus seçməlidir. Məsələn: “Biz bütün sahələrdə güclü universitet olacağıq” strategiya deyil. Növbəti 10 ildə süni intellekt, tətbiqi riyaziyyat, enerji texnologiyaları və rəqəmsal iqtisadiyyat üzrə regionun aparıcı tədqiqat mərkəzinə çevriləcəyik, daha real strateji seçimdir. Çünki burada prioritet, resurs konsentrasiyası və ölçülə bilən məqsəd mövcuddur.
6. Azərbaycan universitetlərinin əsas problem strategiya–investisiya uyğunsuzluğudur…
Azərbaycan universitetlərinin mövcud vəziyyətinə bu prizmadan baxdıqda mühüm bir paradoks görünür. Bir tərəfdən universitetlərin strateji sənədləri, inkişaf proqramları və modernləşmə məqsədləri mövcuddur. Digər tərəfdən isə bu strategiyaların arxasında çox vaxt uzunmüddətli maliyyə modeli, prioritetlərin maliyyələşdirilməsi, nəticəyə əsaslanan investisiya, tədqiqat qrantları, insan kapitalına sistemli sərmayə, universitet-sənaye maliyyələşməsi kimi mexanizmlər ya olmur, ya da zəif olur. Belə olduqda strategiya arzu sənədinə, investisiya isə xərc planına çevrilir. Əsl problem də budur…
7. Universitetin yüksəlməsi üçün investisiyanın strukturu dəyişməlidir…
Müasir universitetə yalnız “təhsil müəssisəsi” kimi deyil, elm–təhsil–innovasiya–sahibkarlıq ekosistemi kimi baxmaq lazımdır. Bu halda investisiyanın prioritetləri də dəyişməlidir.
1-ci prioritet — İnsan kapitalı. Ən yaxşı professorları, tədqiqatçıları və gənc alimləri cəlb etmək.
2-ci prioritet — Tədqiqat. Rəqabətli qrant sistemi, laboratoriyalar, beynəlxalq layihələr.
3-cü prioritet — Doktorantura. Tədqiqat universitetinin əsas kadr bazasını formalaşdırmaq.
4-cü prioritet — Rəqəmsal transformasiya. Sİ, böyük data, bulud, rəqəmsal laboratoriyalar, universitet məlumat platforması.
5-ci prioritet — Universitet–sənaye əməkdaşlığı. Birgə laboratoriyalar, sifarişli tədqiqat, texnologiya transferi.
6-cı prioritet — Beynəlxalqlaşma. Beynəlxalq professorlar, birgə proqramlar, qlobal tədqiqat şəbəkələri.
7-ci prioritet — Fiziki infrastruktur. Bina və təmir də vacibdir, lakin onlar strateji prioritetlərin xidmətində olmalıdır.
Göründüyü kimi, fiziki infrastruktur sonuncu prioritetdir, amma bizim universitetlər üçün 30 ildir ki, bu birinci prioritetə çevrilib. Ona görə də universitetlərimiz hər il təmir-tikintiyə on milyonlarla, elm və təhsilə, keyfiyyətə cüzi investisiya edirlər. Bu isə inkişafa səbəb ola bilməz.
Universitetin inkişafı “pul → nəticə” deyil, “strategiya → investisiya → nəticə” zənciridir.
Universitet maliyyələşməsində yeni idarəetmə məntiqi belə qurulmalıdır: Strategiya + Prioritetlər +İnvestisiya portfeli +İcra layihələri +Ölçülə bilən nəticələr + Qiymətləndirmə + Növbəti investisiya qərarı. Bu modeldə universitetə ayrılan maliyyə avtomatik şəkildə xərclənmir. Hər böyük investisiyanın qarşısında sual qoyulur: Bu investisiya universiteti 5 ildən sonra bugünkü vəziyyətindən nə ilə fərqləndirəcək? Əgər buna cavab vermək mümkün deyilsə, investisiyanın strateji əsaslandırılmaq olmaz.
9. Universitetlərin reytinqi də əslində bu problemin nəticəsidir…
Beynəlxalq universitet reytinqlərində yüksək mövqelər təsadüfən yaranmır. Tədqiqat keyfiyyəti, istinadlar, beynəlxalq əməkdaşlıq, akademik reputasiya, sənaye əlaqələri və məzun nəticələri uzun illər ərzində formalaşan investisiya–strategiya sisteminin məhsuludur. Başqa sözlə, universitet reytinqdə yüksəlmək üçün əvvəlcə reytinqin özünə deyil, reytinqi yaradan qabiliyyətlərə investisiya etməlidir. Maraqlıdır ki, bizim universitetlər reytinq yaradan qabiliyyətlərə investisiya etməsə də, “QS” reytinqi ilə “yaxın əməkdaşlıq” reytinqlərin az da olsa, “möcüzəvi” formada artırır. Universitet isə real inkişaf etmir.
Əgər universitet güclü alim yetişdirmirsə, tədqiqat aparmırsa, beynəlxalq şəbəkələrə daxil olmursa, innovasiya yaratmırsa, sənaye ilə əməkdaşlıq etmirsə, onda yalnız reytinq göstəricilərini yaxşılaşdırmağa yönəlmiş inzibati tədbirlər uzunmüddətli nəticə verməyəcək.
10. Əsas məsələ investisiyanın həcmi deyil, investisiya fəlsəfəsidir…
Universitet inkişafının üçün əsas məsələ “universitetə nə qədər pul verək?” yox, “universitetin hansı keyfiyyətlərini formalaşdırmaq istəyirik və bunun üçün nə qədər investisiya lazımdır?” kimi olmalıdır. Bu, prinsipial dəyişiklikdir. Çünki birinci yanaşma xərc yönümlüdür. İkinci yanaşma isə nəticə və qabiliyyət yönümlüdür.
Müasir universitet üçün əsas kapital artıq yalnız bina və avadanlıq deyil. Əsas kapital insan kapitalı + intellektual kapital + rəqəmsal kapital + tədqiqat infrastrukturu + beynəlxalq şəbəkə + innovasiya qabiliyyətidir.
Universitetin iki qanadı...
Universitetin yüksəlişi nə yalnız strategiya ilə, nə də yalnız pulla mümkündür. Strategiyasız investisiya israf oluna bilər. İnvestisiyasız strategiya isə kağız üzərində qala bilər. Ona görə universitet inkişafının fundamental düsturu belə ifadə edilə bilər:
STRATEGİYA × İNVESTİSİYA = İNKİŞAF
Burada vurma işarəsinin xüsusi mənası var. Çünki amillərdən biri sıfıra yaxınlaşdıqda ümumi nəticə də kəskin zəifləyir. Lakin bura üçüncü komponenti də əlavə etmək lazımdır:
STRATEGİYA × İNVESTİSİYA × İDARƏETMƏ = REAL NƏTİCƏ
Çünki yaxşı strategiya və böyük investisiya belə səmərəsiz idarəetmə şəraitində nəticəyə çevrilməyə bilər. Bu son illər bizim təhsilin büdcəsinin dinamik artdığı şəraitdə, təhsilin tənəzzülünün ilbəil davam etməsi buna klasik nümunədir. Düzdür, bu büdcədən universitetlərə pay düşmür (çünki, onları PHŞ etdilər), amma təhsil haqqı ilə universitetlər təmir büdcəsi yarada bilirlər.
Azərbaycan universitetlərinin gələcək inkişafı üçün əsas vəzifə daha çox maliyyə ayırmaq və ya yeni strategiya yazmaq deyil. Mühüm məsələ strategiya, investisiya və idarəetməni vahid inkişaf mexanizminə çevirməkdir.
Universitetə yeni bina verməklə universitet yaratmaq olmaz. Universitetə sadəcə pul verməklə də universitet yaratmaq olmaz. Universitet insan kapitalına, elmə, ideyalara, texnologiyaya və uzunmüddətli strateji məqsədlərə investisiya etməklə qurulur.
Universitetin gələcəyini onun bu gün nə qədər xərclədiyi deyil, bu xərclərin sabah hansı yeni intellektual, elmi və iqtisadi imkanlar yaratdığı müəyyən edir.
Strategiya universitetin istiqamətidir.
İnvestisiya onun enerjisidir.
İdarəetmə isə bu enerjini hərəkətə çevirən mexanizmdir.
Bu üçü birləşmədən universitetin dünya səviyyəsinə yüksəlməsi mümkün deyil...
Müəllif:
Dosent İlham Əhmədov






























