Asiman İlyasov: Müasir universitetin çevik idarəetmə sistemi olmalıdır
Ali təhsil müəssisələrinin inkişafında yalnız tədrisin və elmi fəaliyyətin keyfiyyəti deyil, daxili idarəetmənin necə qurulması da mühüm rol oynayır. Müasir universitet çevik qərarvermə, şəffaflıq, əməkdaşların proseslərə aktiv cəlbi və nəticəyönümlü idarəetmə prinsipləri ilə seçilməlidir.
Tehsilmedia.com xəbər verir ki, BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Asiman İlyasov “Azərbaycan müəllimi”nə bildirib ki, Azərbaycan ali təhsil sistemində son illərdə keyfiyyət təminatı, beynəlxalq proqram akkreditasiyaları, rəqəmsallaşma, beynəlxalq reytinqlər və strateji idarəetmə istiqamətlərində mühüm addımlar atılır:
“Növbəti mərhələdə əsas məqsəd bu mexanizmlərin bir-biri ilə əlaqələndirilməsi və universitetlərin özünü inkişaf etdirən, çevik və dayanıqlı idarəetmə sistemlərinə keçidinin təmin edilməsi olmalıdır.
Universitetin effektiv idarə olunması üçün, ilk növbədə, səlahiyyət və məsuliyyət bölgüsü aydın müəyyənləşdirilməlidir. Rektor və universitet rəhbərliyi strateji istiqamətləri müəyyən etməli, fakültə və struktur bölmələrinə isə müəyyən edilmiş çərçivə daxilində qərarvermə və təşəbbüs imkanları verilməlidir. Müasir universitet idarəçiliyində bütün qərarların mərkəzləşdirilməsi əvəzinə strateji məsələlərdə vahid koordinasiya ilə akademik və inzibati səviyyələrdə əsaslandırılmış muxtariyyətin balanslaşdırılması daha səmərəli yanaşmadır”.
A.İlyasov qeyd edib ki, digər mühüm məsələ keyfiyyət təminatının ayrıca fəaliyyət istiqaməti kimi deyil, universitetin bütün idarəetmə proseslərinin ayrılmaz hissəsi kimi qəbul edilməsidir. Qərarlar yalnız ənənəvi yanaşmalara və subyektiv mülahizələrə deyil, məlumatlara, göstəricilərə, monitorinq nəticələrinə və əsas maraqlı tərəflərin – akademik heyətin, tələbələrin, inzibati əməkdaşların, məzunların və işəgötürənlərin rəylərinə əsaslanmalıdır:
"Bu baxımdan, xüsusilə üç istiqaməti qeyd etmək istərdim. Birincisi, məlumatlara əsaslanan idarəetmə gücləndirilməlidir. Universitet rəhbərliyi tələbə nailiyyətləri, təhsil proqramlarının nəticələri, məzunların məşğulluğu, elmi fəaliyyət, beynəlmiləlləşmə, maliyyə və digər əsas göstəricilər üzrə sistemli məlumatlara malik olmalı və bu məlumatlardan strateji qərarların qəbulunda istifadə etməlidir.
İkincisi, daxili keyfiyyət təminatı mexanizmləri formal hesabatlılıqdan çıxaraq real inkişaf alətinə çevrilməlidir. Monitorinq, özünütəhlil, tələbə və əməkdaş məmnuniyyətinin öyrənilməsi, təhsil proqramlarının dövri qiymətləndirilməsi və əldə olunan nəticələr əsasında təkmilləşdirmələrin aparılması bir-birindən ayrı proseslər deyil, vahid keyfiyyət dövrünün elementləri kimi fəaliyyət göstərməlidir.
Üçüncüsü, insan kapitalının idarə olunmasına daha çox diqqət yetirilməlidir. Universitetin əsas resursu onun professor-müəllim və inzibati heyətidir. Buna görə də əməkdaşların peşəkar inkişafı, fəaliyyətinin qiymətləndirilməsi, motivasiyası, akademik liderliyin inkişafı və qərarvermə proseslərinə cəlb olunması universitetin strateji prioritetlərindən biri olmalıdır".
A.İlyasov hesab edir ki, Azərbaycan universitetlərində daxili idarəetmənin daha da təkmilləşdirilməsi yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmamalıdır. Əsas dəyişiklik idarəetmə fəlsəfəsində və institusional mədəniyyətdə baş verməlidir. Universitetlər operativ məsələləri həll edən inzibati qurumlardan daha çox məlumatlara əsaslanan qərarlar qəbul edən, nəticələri ölçən, riskləri əvvəlcədən müəyyən edən və davamlı olaraq öz fəaliyyətini təkmilləşdirən çevik təşkilatlara çevrilməlidirlə.




























