11,5 milyon manatlıq tender: Elnur Əliyevin rolu və qanunsuzluğun təsdiqi...
"Elm və Təhsil Nazirliyinin şübhəli satınalma və on milyonlarla manatın dövr etdiyi tender əməliyyatları ilə bağlı bir neçə araşdırma dərc etmişik. Həmin yazılarda tenderlərin necə təşkil edildiyini, hansı şirkətlərin önə çıxdığını, nazir Emin Əmrullayevin qaynı Nihad Hənifəyev və digər yaxın çevrəsi ilə bağlı ortaya çıxan əlaqələri faktlar əsasında ictimaiyyətə təqdim etmişik.
Araşdırmalarımızın ortaya qoyduğu əsas məsələ yalnız ayrı-ayrı tenderlərin taleyi deyil, burada dövlət satınalmalarının rəqabət, şəffaflıq və hesabatlılıq prinsiplərindən uzaqlaşdırılması ilə bağlı ciddi suallar yaranmasıdır. Tenderlər ayrı elan edilib, amma hər iki tenderdə eyni və bir-birini tamamlayan məhsullar alınıb.
Elm və Təhsil Nazirliyi biznes qurumu deyil. Bu qurum dövlətin ən həssas sahələrindən birinə - təhsilə cavabdehdir. Ona görə də Nazirliyin xərclədiyi hər manat üzrə hesabatlılıq və şəffaflıq ən yüksək səviyyədə olmalıdır. Söhbət təkcə dövlət büdcəsinin vəsaitindən getmir. Ölkənin gələcəyinə ayrılan pulların göyə sovrulması, kimlərinsə varlanmasına sərf olunması strateji probemə çevrilməkdədir. Əgər milyonlarla manatlıq dövlət vəsaiti şəxsi ambisiyalara, şəxsi maraqlara və yaxın çevrələrin biznes maraqlarına xidmət edən mexanizmlərə yönəldilirsə, bu, sadəcə maliyyə məsələsi də deyil. Bu, birbaşa E.Əmrullayevin məqsədli şəkildə ona göstərilən etimada xəyanət etməsidir. Lakin o, özünə o qədər arxayındır ki, çoxsaylı suallara baxmayaraq, cəmiyyətə dolğun və inandırıcı izahat vermək ehtiyacı hiss etmir.
Bizim istəyimiz sadədir: dövlət büdcəsindən xərclənən milyonların hara, kimə və hansı əsaslarla getdiyi açıq şəkildə izah olunmalıdır. Əgər belə deyilsə, aidiyyatı dövlət qurumları bu məsələləri araşdırıb hüquqi qiymət verməlidir.
Elnur Əliyev Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir və o, həm də nazirin müşaviridir. Tender sənədlərində texniki siyahıların məhz Elnur Əliyev tərəfindən təsdiqləndiyini göstərən ayrıca imza və ya əmr açıq şəkildə yayımlanmayıb. Lakin məlum olan odur ki, bu siyahılar Təhsil İnstitutu tərəfindən Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim edilib. Tender portalında da satınalan təşkilat kimi məhz həmin idarə göstərilir.
Əgər texniki tələblər Təhsil İnstitutunda hazırlanıb və rəhbərliyin razılığından keçibsə, Elnur Əliyevin bu prosesdəki rolu ayrıca araşdırılmalıdır. Burada əsas suallar bunlardır: Marka və modellər niyə texniki şərtlərə daxil edilib? “Və ya ekvivalent” ifadəsi niyə göstərilməyib? Bu seçim hansı bazar araşdırmasına əsaslanıb?
Bu sualların cavabı xidməti yazışmalarda, təsdiq vərəqlərində, əmrlərdə, iclas protokollarında və digər sənədlərdə ola bilər. Elnur Əliyevin əvvəlki illərdə “Kaspi” Təhsil Şirkətinin direktoru kimi çalışdığı şirkətin rəsmi materiallarında da göstərilir.
Açıq media materiallarında isə Nihad Hənifəyev və “İSTEAM” MMC-nin direktoru kimi təqdim olunan Zamiq Məmmədovun da (nazirin sinif yoldaşı) həmin dövrdə “Kaspi” strukturlarında Elnur Əliyevin rəhbərliyi altında çalışdıqları bildirilir. Bu məlumatlar əmək müqavilələri, əmrlər, rəsmi bioqrafiyalar və şirkət sənədləri ilə təsdiqlənərsə, həmin şəxslər arasında əvvəlcədən mövcud olan peşəkar əlaqələri göstərən fakt kimi qiymətləndirilə bilər.
Əgər araşdırma nəticəsində tenderin əvvəlcədən müəyyən şirkətə uyğunlaşdırıldığı, vəzifəli şəxslər arasında razılaşma olduğu və bundan maliyyə faydası əldə edildiyi sübuta yetirilərsə, artıq məsələ daha ağır hüquqi müstəviyə keçməlidir, dövlətə dəymiş ziyana görə məsuliyyət yaranmalıdır. Halbuki, buna əsaslı şübhələr də var və onları sadalamışıq.
Bu səbəbdən araşdırılmalı əsas məsələ sadəcə “kim kimi tanıyır?” sualı deyil. Əsas sual budur: Texniki şərtləri kim hazırlayıb, bu şərtlər kim tərəfindən təsdiqlənib, tenderin qalibi necə müəyyənləşib və dövlət vəsaitinin hərəkəti hansı zəncir üzrə baş verib?
Şübhəli məqamlardan əldə olunan nəticələr...
Birinci məqam:
95319 və 96249 nömrəli, portalda 316744 və 317477 ID-ləri ilə qeydiyyata alınan iki tenderin mal siyahıları adi texniki tələblərdən daha çox konkret məhsullar kataloqunu xatırladır.
Xüsusilə ikinci tenderin ilk 90 mövqeyində “Flashforge Adventurer AD5M Pro”, “Newline TruTouch”, “VinciBot Creator Kit”, “BBC micro CZ0393”, “Snapmaker A250”, “Matatalab Pro”, “Geeetech A20T”, “Tello”, “VEX” və digər konkret marka və modellər göstərilib. Sənədlərdə “və ya ekvivalent” ifadəsinin görünməməsi rəqabətin məhdudlaşdırılması ilə bağlı ciddi suallar yaradır və “Dövlət satınalmaları haqqında” Qanunun 22.3-cü maddəsi baxımından araşdırılmalıdır.
İkinci məqam:
İki tender üzrə qalib yalnız “JBA GROUP” MMC olub. Müqavilələrin ümumi məbləği isə 11 milyon 533 min 949 manatdır.
Üçüncü məqam:
Bu tenderlərdə əsas suallardan biri “JBA GROUP”un avadanlıqları hansı şirkətlərdən aldığıdır. Nihad Hənifəyev, “İSTEAM” MMC və digər şəxslərlə bağlı irəli sürülən təchizat əlaqələrinin olub-olmadığı müqavilələr, gömrük sənədləri, elektron qaimələr və bank ödənişləri əsasında yoxlanmalıdır.
Dördüncü məqam:
Tender prosesində vəzifəli şəxslərin roludur. Satınalan təşkilatın rəhbəri Valeh Mirzalıyevin idarəetmə və nəzarət məsuliyyəti, texniki siyahıların Təhsil İnstitutunda hazırlanması və ya təsdiqlənməsi təsdiqlənərsə, Elnur Əliyevin prosesdəki rolu, Nihad Hənifəyev, Zamiq Məmmədov daxil olmaqla, bu şəxslərin ümumilikdə yaxın əlaqələri və işbirlikləri araşdırılmalıdır."
Samir Feyruzov



























