“Azərbaycanda valideynlər üçün rəqəmsal görüş sistemi yaradılmalıdır” - Əməkdar müəllimdən TƏKLİF
"Türkiyənin məktəblərdə valideynlərin randevusuz girişini məhdudlaşdırması, məncə, Azərbaycanda da ciddi müzakirə olunmalıdır. Amma Türkiyədə verilən qərarları olduğu kimi tətbiq etmək doğru deyil. Çünki bizdə artıq valideyn-məktəb münasibətlərini tənzimləyən qaydalar var".
Tehsilmedia.com məlumat verir ki bu fikirləri Redaktor.az-a Əməkdar müəllim Sona Əliyeva Türkiyədə valideynlərin məktəbə icazəsiz daxil ola bilməyəcəyi qanunundan danışarkən səsləndirib.
O bildirdi ki, mövcud təlimata əsasən, valideyn məktəb binasına və sinif otağına rəhbərliyin icazəsi ilə daxil olmalı, müəllimlə görüş isə müəyyən edilmiş vaxtda keçirilməlidir:
"Yəni bizim problemimiz qaydanın olmaması deyil, qaydanın bütün məktəblərdə eyni şəkildə işləməməsidir. Türkiyədə isə məsələ son dövrdə məktəb təhlükəsizliyi ilə bağlı narahatlıqların artması fonunda daha sərt mərhələyə keçib. Xüsusilə məktəblərdə baş verən təhlükəli hadisələrdən sonra giriş-çıxışa nəzarət, ziyarətçilərin qeydiyyatı və valideyn-müəllim görüşlərinin əvvəlcədən planlaşdırılması ön plana çıxıb. Türkiyə Milli Təhsil Nazirliyinin yeni yanaşmasında məqsəd valideyni məktəbdən uzaqlaşdırmaq yox, məktəb daxilində kimin, nə vaxt və hansı məqsədlə olduğunu nəzarətdə saxlamaqdır".
Müsahibimizin fikrincə, Azərbaycanda da bu istiqamətdə rəqəmsal görüş sistemi yaradılmalıdır:
"Amma bunu “valideyn məktəbə buraxılmayacaq” kimi təqdim etmək yanlışdır. Valideynin məktəblə əlaqəsi uşağın təhsilinin vacib hissəsidir. Elmi araşdırmalar da göstərir ki, valideynin təhsilə düzgün cəlb olunması şagirdin nəticələrinə müsbət təsir göstərir. Sadəcə, bunun effektiv forması müəllimin dərsini yarımçıq qoyub valideyn qəbul etməsi deyil, planlı və məqsədli əməkdaşlıqdır".
Əməkdar müəllim təklif edir ki, müəllimlə görüşmək istəyən valideyn əvvəlcədən vaxt götürsün, məktəbə giriş qeydiyyatla həyata keçirilsin, təcili hallar üçün ayrıca prosedur olsun, rəqəmsal imkanları olmayan valideyn üçün isə məktəbdə alternativ müraciət forması yaradılıb təqdim edilsin.
"Belə bir sistem həm müəllimin işinə müdaxiləni azaldar, həm məktəbin təhlükəsizliyini gücləndirər, həm də valideynin hüququnu qoruyar. Məqsəd məktəbin qapısını valideynin üzünə bağlamaq yox, həmin qapının qaydasını müəyyən etmək olmalıdır.
Türkiyənin təcrübəsindən Azərbaycanın götürməli olduğu əsas dərs də budur: qadağa yox, nizam-intizam olmalıdır. Valideyndən uzaqlaşmaq əvəzinə münasibəti peşəkar mərhələyə daşımaq lazımdır. Məktəb müəllimin və valideynin bir məqsəd üçün əməkdaşlıq etdiyi, amma öz daxili qaydaları olan peşəkar mühit olmalıdır".





























