Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Yeni dərs ilindən yeni təmayül tədris modelinin tətbiqini müqəddəs məqsədlərlə təqdim etdilər. Dedilər uşaqlar əlavə hazırlıq üçün müəllim yanına getməyəcək, müəllimlər əlavə maaş alacaq, valideynlər ayda 1000 manata yaxın qənaət edə biləcək. Minlərlə müəllim sənəd verdi yeni layihədə işləmək üçün.
Bakıda layihəyə müraciət edən müəllim sayı 10 000 nəfərə yaxın olub məlumata görə. Layihə üçün lazım olan yer isə 1000 nəfərdən az imiş.
Bakıda bu işə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli rəhbərlik edib. Komissiyalara özünə yaxın məktəb direktorlarını təyin edərək elan olunmamış qaydalarını reallaşdırıb. Elan olunmamış qaydalar nə imiş?!
1) Layihəyə seçilən müəllim tanınmış repetitor olmalıdır.
2) Layihə üzrə təhsil alan uşaqlara DİM-in test toplusları əsasında hazırlıq keçirilir.
3) Başqa, kənar məktəbin müəllimi seçilərsə, mərkəzi məktəbdə çalışa bilər və s.
Yeni təmayül tədris modelinə müraciət edən müəllimlərin bildirdiyinə əsasən, layihənin əsas məqsədi böyük pullar dövr edən repetitorluq bazarına nəzarəti ələ keçirmək və istədikləri müəllimləri bu ad altında müəyyən şərtlər daxilində mərkəzi məktəblərə toplamaq olub. Ona görə də Turanə Məcidli seçim komissiyalarına özünün əlbir olduğu məktəb direktorlarını rəhbər təyin edərək gizli bazar açıb. Bu sahəyə məsul olan, kadr seçimlərindən məsuliyyətli insan resursları mütəxəssisləri də qalıb kənarda. Axı peşəkar mütəxəssis seçim komissiyasında olsaydı, sövdələşmələrə maneçilik yaranardı.
Müraciət edən müəllimlər həmkar təəssübkeşliyi ilə komissiya sədri olan direktorların hələlik adlarının çəkilməsini istəmədilər. Amma bildirdilər ki, arabuluculuqda 190 nömrəli məktəbin direktor müavini Arifə Məmmədova aparıcı fiqur idi. Bu, həmin adamdır ki, 240 nömrəli məktəbin direktor müavini olduğu dövrdə məktəbin həyətində xadimələrə maşın yudurtma videoları yayılmışdı. Böyük ictimai narazılıq doğuran bu hərəkətinə görə ona heç bir cəza verilməməsinin sirri indi açılır. Xanım direktor müavininin yüksək himayədarları varmış, "iş bilən" kadr imiş, arif adammış.
Bir güllə ilə 12 dovşan vuran müasir işbazlar Nazirlik və Agentliyin (MÜTDA) səlahiyyətlərinə aid olan yerdəyişməni də layihənin "meyar"larına pərçim edərək əməlli-başlı əməliyyatlar aparıblar.
Keçən dərs ilində pilot olaraq tətbiq olunan layihə çərçivəsində oxuyan uşaqlara elə öz müəllimləri tərəfindən əlavə hazırlıq keçirildiyi hamıya bəllidir. Burdan görünür ki, bu layihə eyni zamanda böyük pullar dövr edən repetitorluq bazarını ələ keçirmək yollarından biridir.
Müasir işbazlar çox ağıllıdır axı. Dövlət məktəbindən, dövlətin resurslarından istifadə elə, bütün əlaçı uşaqları şəhərin dörd bir tərəfindən topla bir qrup məktəbə, sonunda da belə. Allah bazar verməsin! Fırıldaqçılıqla xalqın başını qatanlara, öz mənafeyini güdən sövdəkarlara Allah və qanunlar azar verəcək.
Məsələni diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini öyrənmək üçün müraciət etsək də, hələlik suallarımıza konkret cavab ala bilməmişik. Yaydıqları məlumatlarla bizi başdan eləmək istəyirlər. Biz isə yayılmış məlumatı deyil, qeyd etdiyimiz qaranlıq məqamları işıqlandırmaq istəyirik.




























