UNEC kollektivi ekoloji aksiyada iştirak edib
UNEC ilə “Bank Respublika” ASC arasında 13 oktyabr 2021-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində Maliyyə və mühasibat fakültəsinin kollektivi Masazır gölü ətrafında təmizlik aksiyasında iştirak edib.
Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, fakültənin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr “Bank Respublika”nın komandası, eləcə də Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd icra nümayəndəliyinin dəstəyi ilə keçirilən aksiyaya qoşulublar.
Ətraf mühitin qorunması və ekoloji məsuliyyətin təşviqinə həsr olunan aksiya zamanı göl ətrafındakı ərazi tullantılardan təmizlənib.
“Bank Respublika”nın ESG prinsiplərinə uyğun təşkil olunan aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə verməklə yanaşı, gənclər arasında ekoloji mədəniyyət və sosial məsuliyyətin gücləndirilməsi, onların ictimai əhəmiyyətli təşəbbüslərdə iştirakının təşviq olunmasıdır.
Aksiya tələbələrin sosial fəallığının artırılması, ekoloji dəyərlərə diqqətin gücləndirilməsi və birgə fəaliyyət çərçivəsində komanda ruhunun formalaşdırılması baxımından əhəmiyyət daşıyıb.
Qeyd edək ki, UNEC və “Bank Respublika” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq müxtəlif istiqamətlərdə, o cümlədən tələbələrin peşəkar və sosial inkişafının dəstəklənməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.





























