Bu müəllimlər diaqnostika imtahanında iştirak edə bilməz - AÇIQLAMA
"Diaqnostik qiymətləndirmədə iştirak edən şəxslər faktiki olaraq təhsil müəssisələrində çalışan şəxslərdir. Yəni çalışmayan şəxslərə bu proses, təbii ki, şamil olunmur. Vaxtilə kimlərsə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyiblərsə, sırf onların diaqnostik qiymətləndirilməsi həyata keçirilir. Bu, sertifikasiya mərhələsi deyil, konkret diaqnostika mərhələsidir".
Tehsilmedia.com bildirir ki, bu sözləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib.
Onun sözlərinə görə, diaqnostikada nəticəsi uğurlu olan şəxslərin əməkhaqqında müəyyən qədər dəyişikliklər olacaq:
"Yəni əməkhaqqında artım qeyd oluna bilər. Eyni zamanda, dərs bölgüsü zamanı da bu amillər nəzərə alınır. Məsələn, növbəti tədris ilinin planında müəllimlərə dərs saatları verilərkən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs saatlarında da müəyyən qədər artım olur. Ümumiyyətlə, diaqnostik qiymətləndirmənin keçirilməsi, mənə görə, vacibdir. Ən azı müəllimlərin ixtisasları, metodika ilə bağlı bilik və bacarıqları qiymətləndirilir. Bu prosesdə sertifikasiyadan kəsilən müəllimlər iştirak edə bilməz. Bu mümkün deyil. Çünki onlar tamam fərqli sahə üzrə gəlirlər. Əgər kəsiliblərsə, artıq bu o deməkdir ki, faktiki olaraq əmək müqaviləsinə xitam verilib. Diaqnostika isə faktiki çalışan müəllimlər üçün, yəni diaqnostikadan keçməyən şəxslər üçün nəzərdə tutulur. Sertifikasiyadan kəsilənlər diaqnostikaya cəlb edilmədiyi üçün onların fəaliyyətinin bərpası da mümkün deyil. Sertifikasiyadan keçib, diaqnostikada iştirak etməyən müəllimlər, əlbəttə ki, bu prosesdə iştirak edə bilərlər".






























