Folklor İnstitutunda “Ğaib dünya” və “Dağ-insan arxetipi” mövzularında məruzələr dinlənilib
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoyun “Türk mifologiyasında “Ğaib dünya” konsepti” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi əvvəlcə “Ğaib dünya” anlayışının mahiyyəti və türk mifoloji düşüncə sistemində tutduğu yer haqqında danışaraq, mövzu ilə bağlı uzun illər apardığı elmi araşdırmaların nəticələrini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Professor qeyd edib ki, folklor mətnlərində qəhrəmanın yox olması, qeybə çəkilməsi, yoxa çıxması motivləri tədqiqatçılar tərəfindən geniş şəkildə araşdırılsa da, həmin motivlərin semantikası indiyədək tam və düzgün şəkildə izah olunmayıb. Onun fikrincə, bu motivlərin mahiyyətini anlamaq üçün onların aid olduğu ritual-mifoloji düşüncə modelinin semiotik elementlərini müəyyənləşdirmək və vahid sistem şəklində bərpa etmək lazımdır. Məruzədə bildirilib ki, “yox olma”, “yoxa çıxma”, “qeyb olma”, “qeybə çəkilmə”, “dünyasını dəyişmə”, “ölüm” və “qeyb” kimi anlayışlar əslində vahid ritual-mifoloji modelin struktur elementləridir. Qəhrəman yox olmaqla həm ölür, həm qeybə çəkilir, həm də “Ğaib dünya”ya keçir.
Seyfəddin Rzasoy vurğulayıb ki, oğuz eposunda “Ğaib aləm”, Orta Asiya eposunda isə “Kayıp dünya” adlanan bu konsept uzun müddət yanlış şəkildə İslam dinindəki “Qeyb aləmi” ilə əlaqələndirilib. Məruzəçi qeyd edib ki, “Kitabi-Dədə Qorqud” eposundakı “ğaib” anlayışının İslamdakı “qeyb” konsepti ilə yalnız fonetik və ad oxşarlığı mövcuddur, konseptual baxımdan isə onlar tamamilə fərqli məna daşıyırlar. Professorun sözlərinə görə, oğuz ritual-mifoloji düşüncəsinin əsas mifologemlərindən biri olan “ğaib” anlayışının uzun müddət qaranlıq qalmasının səbəbi də məhz bu yanlış interpretasiya olub.
Məruzəçi bildirib ki, şifahi “Dədə Qorqud” eposunun yeni tapılmış əlyazması hesab edilən “Kitabi-Türkman lisani” abidəsi üzərində apardığı tədqiqatlar nəticəsində “Ğaib dünya” konseptinin mahiyyəti daha aydın şəkildə üzə çıxıb. Araşdırmada aşağıdakı suallara cavab axtarılıb: “Dədə Qorqud” eposundakı “Ğaib aləm” nədir?”, “Bu anlayışın İslamdakı “Qeyb” konsepti ilə əlaqəsi varmı?”, “Dədə Qorqud”dakı “Ğaib dünya” ilə “Manas” dastanındakı “Kayıp/Qayıb dünya” arasında hansı bağlılıqlar mövcuddur?”
Professor qeyd edib ki, həmin suallara ehtimallar və fərziyyələr əsasında deyil, türk eposundakı birbaşa transmediativ informasiya daşıyıcıları olan faktların fenomenoloji metodla təhlili nəticəsində cavab verilib.
Seyfəddin Rzasoy məruzəsində “Kitabi-Dədə Qorqud” dastanının məhz “ğaib” konsepti ilə başladığını xüsusi vurğulayıb və dastandan nümunə gətirərək qeyd edib: “Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından Qorqut ata diyərlər bir ər qopdı... Ğaibdən dürlü xəbər söylərdi. Həq təala anın könlinə ilham edərdi”.
Onun sözlərinə görə, bu təqdimatdan aydın olur ki, Qorqud Ata gələcək haqqında xəbərləri “Ğaib” aləmindən alır və həmin bilgilər ona ilahi ilham vasitəsilə çatdırılır. Məruzədə qeyd olunub ki, “ğaib” və “qeyb” sözləri fonetik baxımdan yaxın olsa da, “Dədə Qorqud” mətnində işlənən “ğaib” anlayışı türk mifoloji düşüncə sisteminin spesifik konsepti kimi çıxış edir.
Daha sonra şöbənin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nərmin Babayeva “Aşıq Ələsgər yaradıcılığında “Dağ-insan arxetipi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Aşıq Ələsgər yaradıcılığı haqqında məlumat verərək bildirib ki, sənətkarın poetik qüdrətinin əsasında onun fitri istedadı ilə yanaşı, xalq yaradıcılığı və aşıq sənəti ənənələrinə dərindən bağlı olması dayanır. Qeyd olunub ki, Aşıq Ələsgər yaradıcılığı bədii motivlər baxımından zəngindir və onların içərisində təbiət motivləri xüsusi yer tutur.
Məruzəçi vurğulayıb ki, Aşıq Ələsgər poeziyasına mifik arxetiplər və xalqın mifoloji-kosmoqonik təsəvvürləri səviyyəsində yanaşmaq vacibdir. Bildirilib ki, sənətkar ənənəvi düşüncə ilə yaşayan bir mühitdə formalaşmış, xalqın qədim inanclarını müqəddəs qəbul etmişdir. Bu baxımdan onun yaradıcılığı xalqın ilkin dünyagörüşünü və mifoloji düşüncə sistemini öyrənmək üçün zəngin mənbə hesab olunur.



























