Uşaqların Təhlükəsizliyi Sosial Mediadan Üstündür!
Son illərdə müəllimlərin dərslərindən maraqlı kadrlar paylaşmaq, sinifdə baş verən müsbət hadisələri videoya çəkmək, şagirdlərin fəaliyyətlərini sosial mediada paylaşmaq geniş yayılıb. Lakin bu, hər nə qədər müsbət və motivasiyaedici görünsə də, arxasında ciddi təhlükələr gizlənir.
Təhsilmedia.az bildirir ki, süni intellekt və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə biz fərqinə varmadan uşaqlarımızın üzünü, səsini, davranışlarını, hətta şəxsiyyətini internet məkanına təqdim edirik. Bir çox hallarda valideyn icazəsi alınmadan çəkilən və paylaşılan şəkil və videolar gələcəkdə uşağın məxfiliyini və təhlükəsizliyini riskə atır.
Artıq bəzi xarici ölkələrdə uşaqların şəkilləri və səsləri süni intellekt vasitəsilə saxtalaşdırılaraq müxtəlif məqsədlərlə istifadə edilib. Bu, həm etik, həm də hüquqi baxımdan çox ciddi pozuntudur. Bu cür hallar Azərbaycanda da təkrarlanmaması üçün təcili maarifləndirmə tədbirləri görülməlidir.
Məktəblərdə, bağçalarda və kurslarda valideyn razılığı olmadan uşaqların foto və video materiallarının çəkilməsi və paylaşılması qəti şəkildə məhdudlaşdırılmalıdır. Təhsil müəssisələrində bu məsələ ilə bağlı daxili təlimatlar, maarifləndirici görüşlər və təlimlər keçirilməlidir.
Unutmayaq ki, hər bir uşağın məxfiliyə, təhlükəsizliyə və şəxsi hörmətə haqqı var. Uşaqların maraqları sosial media “bəyəni”lərindən daha önəmlidir.
Gəlin, bu məsuliyyəti bölüşək — müəllimlər, valideynlər, jurnalistlər və ictimai fəallar olaraq birgə çalışaq ki, uşaqlarımızın təhlükəsizliyi təmin olunsun.




























