Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Yeni təmayül tədris modeli ölü doğulmuş uşaq kimi ortada qalıb. Ötən dərs ilində tətbiq olunmuş Tam orta məktəb layihəsi və 10 ildən çoxdur məktəblərdə tətbiq olunan təmayül siniflər özünü doğrultmadığı üçün heç kim övladının təcrübə vasitəsinə çevrilməsinə risk etmir.
Ona görə dəfələrlə Yeni təmayül tədris modelinə şagirdlərin və müəllimlərin qeydiyyat müddəti uzadılır. Direktorlara uşaq və müəllim yönəltmələri üçün edilən təzyiqlər də fayda vermir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bir neçə dəfə mətbuat konfransı keçirsə də, açıqlama və geniş müsahibələr versə də valideynlər "Göz gördüyündən qorxar" misalını unutmurlar. Həm də adamın dediyi nəzəriyyələr o qədər boşa çıxıb ki, artıq doğru söz desə də inanan yoxdur.
Ona görə də işə yeni ruporlarını- Bakı Şəhəri Təhsil İdarəsinin müdir müavini Turanə Məcidlini qoşdular. T.Məcidli dünənə qədər imtahanla seçilmiş uşaqların oxuduğu Bakı şəhəri 2 nömrəlı Texnıkı humanitar liseydə 2 dəfə Nobel mükafatı alıb axı. Zarafat edirik, həmin lisey heç Bakı 10-cusu da olmayıb onun direktor olduğu illərdə.
BŞTİ müdirliyi üçün məşq edən "Nobel"çi xanım müsahibəsində bildirdi ki, Yeni təmayül tədris modelinə namizədlər Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsindən və Sertifikatlaşdırma imtahanlarından uğurla keçmiş və hazırda ümumi təhsil müəssisələrində çalışan müəllimlər arasından seçiləcək. Ən azı 3 il pedaqoji təcrübənin olması tələb olunur.
Diaqnostik qiymətləndirmə, MİQ və ya sertifikasiya imtahanı nəticələri 85% və daha yüksək olmalıdır.
Şagirdlərin ali təhsil müəssisələrinə hazırlanması istiqamətində müəyyən təcrübəyə malik olmaları vacibdir.
Paradoksa baxın, indiyədək repetitorluq qınanırdı, indi repetitorluq təcrübəsi olan müəllim axtarırlar.
Yeni təmayül tədris modeli tətbiq olunacaq məktəblərdə müəllim seçimi üçün yalnız MİQ nəticəsi, sertifikasiya balı və ya DİM göstəricilərinin əsas meyar kimi götürülməsi bərabərlik və ədalət prinsipləri baxımından suallar yaradır.
Tehsilmedia.com olaraq, qeyd olunan fikirlərə əks-arqumentləri bildirmək istərdik:
Birincisi, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində hər kəsin hüquq və azadlıqlarının bərabərliyi təsbit olunub. Ali pedaqoji təhsili olan, müəllim kimi fəaliyyət göstərən şəxslər eyni hüquqi statusa malikdirlər. Onların peşəkarlığını yalnız bir imtahan nəticəsi ilə qiymətləndirmək uzun illər ərzində qazanılmış təcrübəni, xidməti və peşə fəaliyyətini nəzərə almamaq deməkdir.
İkincisi, Konstitusiyanın 35-ci maddəsi əmək hüququnu təmin edir. Müəllimin peşəkar inkişafı yalnız bir dəfə verilmiş imtahan nəticəsinə bağlanmamalıdır. Əmək fəaliyyətinin keyfiyyəti, iş stajı, nailiyyətləri, şagirdlərin nəticələri, metodik fəaliyyəti və digər obyektiv göstəricilər də qiymətləndirilməlidir.
Üçüncüsü, MİQ imtahanı müəllimlərin işə qəbulu üçün yaradılmış seçim mexanizmidir. Lakin uzun illər işləyən müəllimlərin peşəkarlığını yalnız həmin imtahan nəticəsi ilə müəyyən etmək hüquqi və məntiqi baxımdan mübahisəlidir. Çünki müxtəlif illərdə imtahanların məzmunu, çətinlik dərəcəsi və iştirak şərtləri fərqli olub.
Dördüncüsü, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən müəllimlər fərqli sosial, maddi və təhsil şəraitində çalışırlar. Eyni meyarın bütün müəllimlərə tətbiqi faktiki bərabərsizliyə səbəb ola bilər.
Beşincisi, dövlət qulluğunda, orduda və digər sahələrdə əməkdaşların peşəkar fəaliyyəti yalnız bir imtahanla qiymətləndirilmir. Onların xidmət stajı, fəaliyyət göstəriciləri, attestasiyası və peşəkar nailiyyətləri də nəzərə alınır. Təhsil sahəsində də analoji yanaşmanın tətbiqi daha ədalətli olardı.
Nəticə etibarilə, təmayül məktəblərinə müəllim seçimi zamanı yalnız MİQ, sertifikasiya və ya DİM nəticələrinə əsaslanmaq əvəzinə çoxmeyarlı qiymətləndirmə sistemi tətbiq olunmalıdır. Buraya iş stajı, dərs müşahidələri, peşəkar nailiyyətlər, sertifikasiya nəticələri, MİQ göstəriciləri və digər obyektiv meyarlar birlikdə daxil edilməlidir. Bu yanaşma həm Konstitusiyanın bərabərlik prinsipinə, həm də ədalətli idarəetmə prinsipinə daha uyğun olar.



























