Bıçaqlanma, yıxılma, intihar – məktəbdə nələr baş verir?
Son günlər Bakının müxtəlif orta təhsil müəssisələrindən gələn bədbəxt hadisə, şagird zorakılığı xəbərləri ölkənin təhsil sistemində idarəetmə və nəzarətin bərbat olduğunu bir daha sübut edir. Məktəblər artıq şagirdlər üçün bilik və təhlükəsizlik məkanı olmaqdan çıxıb, hər an bədbəxt hadisənin baş verə biləcəyi nəzarətsiz zonalara çevrilir.
Baş verən hadisələrlə bağlı
Tehsilmedia.info saytının baş redaktoru Sakit Muradov fikirlərini bölüşdü:
Son bir neçə gündə baş verən üç vahiməli hadisə xaosun miqyasını göstərməyə kifayət edir:
1. 233 saylı məktəb: Nəzarətsizlik, Boş Dərslər və Hadisələr Zənciri
Qaradağ rayonunda yerləşən 233 saylı orta məktəbdə 9 “B” sinfində fizika dərsinin boş keçməsi, müəllimin işdə olmaması və rəhbərliyin bu dərsi əvəzləməməsi ucbatından şagirdlər nəzarətsiz şəkildə həyətə buraxılıb. Nəticədə şagird Nüşabə Ələkbərova yıxılaraq dizindən ciddi xəsarət alıb və ayağına korset qoyulub.
Bu hadisə sıradan bir bədbəxt hadisə deyil, çünki eyni məktəbdə:
-Bir ay əvvəl şagirdin özünü pəncərədən atması xəbəri yayılıb;
-Bir neçə gün əvvəl isə məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Eyni təhsil müəssisəsində bir ay ərzində bıçaqlanma, intihara cəhd və nəzarətsizlikdən doğan xəsarət qeydə alınırsa, bu artıq təsadüf yox, məktəb rəhbərliyinin tam fəaliyyətsizliyidir.
2. Sosial şəbəkələrdə yayılan və 271 nömrəli məktəbdə çəkildiyi bildirilən videogörüntülər isə dəhşətli mənzərəni tamamlayır. Bir şagirdin gündəlik olaraq həmyaşıdlarını döyməsi, onlara qarşı fiziki zorakılıq tətbiq etməsi və bunun sərbəst şəkildə videoya çəkilməsi məktəb daxilində nizam-intizamın sıfır səviyyəsində olduğunu sübut edir. Məktəb dəhlizləri və sinif otaqları kimlərinsə "at oynatdığı" və zəifləri əzdiyi bir meydana çevrilib.
3. Problemin digər faciəvi tərəfi isə 175 nömrəli məktəbdə yaşanıb. Dərs saatında məktəbdən qaçıb hazırlığa (repetitor yanına) getmək istəyən şagird pəncərədən yıxılaraq xəsarət alıb. Bu hadisə həm yuxarı siniflərdə dərs davamiyyətinin kağız üzərində formal xarakter daşıdığını, həm də daxili mühafizənin uşaqların təhlükəsizliyini təmin edə bilmədiyini göstərir.
Məktəbdə bıçaqlanma olur, uşaq pəncərədən yıxılır, lakin rəhbərlik çox vaxt sadə bir izahat və ya töhmətlə canını qurtarır. Nə qədər ki, rəhbərlik etdiyi binada baş verən hər bir hadisəyə görə direktorlar birbaşa və ağır inzibati/hüquqi məsuliyyət daşımır, bu laqeydlik bitməyəcək.
Aqressiv, cinayətə meylli, intihara meyilli və ya dərslərdən yayınan şagirdlərlə vaxtında profilaktik iş aparılmır. Məktəb psixoloqları real iş görmək əvəzinə, hadisə baş verəndən sonra bəraət xarakterli sənədləşmə aparmaqla məşğuldurlar.
175 saylı məktəbdəki hadisə təhsilin ən böyük yarasını göstərir: şagirdlər məktəb dərslərini buraxılış imtahanları üçün "vaxt itkisi" hesab edir və hazırlığa qaçmağa can atırlar. Məktəb isə bu axının qarşısını qadağalarla yox, təhsilin keyfiyyətini artırmaqla almalıdır.
Bu gün günahkar elan edilən şagirdlər sabah yüksək bal yığanda direktor onlarla selfie çəkdirib bəh-bəhlə paylaşır.
Məktəb formal xarakter daşıyır. Həqiqətən ancaq işləri nəyisə "göstərmək" dir. Başqa heç nə deyil. Sosial şəbəkələri aktivləşdirmək, insanlara zorla "like" qoydurmaq, məktəbli formasına baxmaq, gecikmə demək, əsas işlər qalıb kənarda...
Elm və Təhsil Nazirliyi, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) hər hadisədən sonra "məsələ nəzarətdədir" və ya "araşdırma aparılır" kimi standart şablon bəyanatlarla cəmiyyəti sakitləşdirməyə çalışmamalıdır. Bu gün Bakı məktəblərində yaşananlar təcili və radikal islahatlar, ciddi kadr islahatları və sərt cəza tədbirləri tələb edir. Əks halda, valideynlərin hər səhər övladlarını qorxu ilə məktəbə yola saldığı bu acınacaqlı mənzərə daha böyük faciələrlə nəticələnəcək.


























