DİPLOM SEVDASI – Əslində bir qayçı, bir sənət universitetdən daha çox xoşbəxtlik gətirə bilər...
Hər imtahan ərəfəsi kefsiz gəzən xeyli gəncə rast gəlmək olur. Hamısı ali universitetə qəbul həyəcanında. Bir çoxları isə, sadəcə bu xora qoşulub gedir, heç akademik təhsil onun üçün önəmli belə deyil.
Qonşumuzda da belə bir qız var. Uşaq anası ilə tez-tez mübahisə edir. Həyət evlərində də səs yayılan olur. Narahat oldum anasına zəng etdim. Anası az qala ağladı ki, bu qız məni özümdən çıxardır, nə qədər pul verib repetitor yanına qoymuşuq, deyir mən dərzi olmaq istəyirəm. Qonşum istəyir ki, qızı müəllimə olsun. Amma müəllimə olacaq qız buna üsyan edir. Bu formada gələcək müəlliməmizin nə qədər faydalı olacağını da təsəvvür etmək çətin deyil...
Bir anlıq susdum. Nə deyəcəyimi bilmədim. Getdim onlara. 16 yaşlı, mələk üzlü qızın gözlərində tamamilə başqa istək gördüm. Dərzi olacam deyib, anası ilə hələ də mübahisə edirdi. Fərqinə vardım ki, qızın baxışlarında sanki iynə-sapla öz dünyasını qurmaq xəyalları dolaşır. Amma ona deyirdilər ki, yox, başqa yol seçməlisən, mütləq universitet diplomun olmalıdır.
İnanın ki, bu bir tək ailədə yaşanan problem deyil. Nədənsə, bizdə qəribə bir fikir var, elə bil hamı mütləq universitet oxumalıdır. Elə bil diplom olmadan insan yarımçıqdır. Amma həyat belə deyil axı.
Kimsə yaxşı dərzi ola bilər. Kimsə əla aşpaz. Kimsə usta, bərbər, fotoqraf… Bunlar da peşədir. Həm də çox gözəl peşələrdir. Hər gün gördüyümüz, yararlandığımız peşələr... Bəs bunların dəyərini anlamaqda niyə çətinlik çəkirik?
Mən bir dərzi xanım tanıyıram, həmişə gözlərində işıq olur, gülümsəyir. Hiss olunur ki, o, sadəcə parçadan nəsə tikmir. O, bir insanın sevincini tikir. Bir dəfə gəlinlik tikirdi. Elə təlaşlı idi ki... Deyirdi bəy toy gününü gəlini bunun içində görüb təzədən aşiq olmalıdır. Və bu eşqi alovlandıracağı ilə bağlı özünə inamı var idi. Bu az şey deyil. Bir həkimin, müəllimin, mühəndisin zəhmətindən az deyil...
Təsəvvür edin hamı müəllim, həkim, hüquqşünas olub. Axı hər gün yaşadığımız məişət həyatında bizə daha çox başqaları gərək olur. Və hər kəsin ürəyində fərqli xəyalı var. Məsələn kiminsə ürəyi elmi kitabları saatlarla oxumaq istəmir. Biri düşünür ki, avtomobilləri istehsalından daha gözəl edim, kimsə yolda qalmasın, digəri deyir saçlarla elə “rəqs edim” ki, hamını heyran buraxsın, o birisi, gözəl yeməklər hazırlamağı arzulayır, onun yanındakı da qayçı və parçalara toxunmaq üçün həyəcanlanır.
Bu çox pis vərdişdir bizdə. Gənclərin səsinə qulaq tıxayırıq. Hətta bir çox valideynlər hesab edir ki, onun uşağının istəyi “düzgün deyil”. Bu formada da onu susdurur. Amma kim qərar verir ki, hansı peşə daha düzgündür?
Universitet oxumaq təbii ki, gözəldir. Əlbəttə, oxuyanlarımız, tibdə, təhsil sistemində, bizi dünyaya tanıdacaq bir çox elm sahələrində inqilablar belə etsinlər. Amma bu, hər kəs üçün məcburi deyil. Axı həyat özü göstərir ki, başqa yollar da var və bəlkə də o yol xoşbəxtliyə aparır.
Anasından fürsət tapanda qonşumuzun qızına dedim ki, sən nə istəyirsənsə, onu seç. İlk müştərin də özüm olacam. Çünki insan sevdiyi işi görəndə yaşayır. Yoxsa sadəcə günləri keçir.
Əziz valideynlər, bəzən bir qayçı, bir iynə, bir sənət… bir diplomdan daha çox xoşbəxtlik gətirir.
Lent.az



























