DİM dərslikləri YOXLAYIR - 600-dən çox vəsait monitorinqdən keçib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilən praktik məşğələlərdən biri “Təhsilin keyfiyyətinin təkmilləşdirilməsi: Dərsliklərin monitorinqi” mövzusuna həsr edilib.
Belə ki, məşğələnin keçirilməsində məqsəd iştirakçıları dərsliklərin elmi-metodik monitorinqini həyata keçirmək üçün istifadə olunan meyarlarla tanış etmək və onlarda monitorinq rəyi yazmaq bacarıqlarının formalaşmasına dəstək olmaqdır.
Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva qurumun fəaliyyətə başlamasının 10 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində dərsliklərin elmi-metodik monitorinqi prosesi haqqında AzEdu.az-a məlumat verib.
O bildirib ki, 2016-cı ildə ölkə Prezidentinin Fərmanı ilə yaradılmış DİM-in nizamnaməsinə əsasən, ümumtəhsil müəssisələrində istifadə olunan dərsliklərin nəşr olunmazdan əvvəl monitorinqdən keçirilməsi birbaşa bu quruma həvalə edilib:
"Ötən illər ərzində 1-ci sinifdən 11-ci sinfə qədər bütün fənlər üzrə 602 dərslik komplekti, o cümlədən dərsliklər və metodik vəsaitlər mütəxəssislər tərəfindən ciddi şəkildə yoxlanılmış və hazırlanan rəylər müvafiq tədbirlər üçün Elm və Təhsil Nazirliyinə təqdim olunub.
Monitorinq prosesi çoxşaxəli olub məzmunun işlənməsi, Azərbaycan dilinin qrammatik qaydalarına və yazı üslubuna əməl edilməsi, həmçinin bədii tərtibat və dizayn keyfiyyəti kimi mühüm meyarlar əsasında aparılır. Bu işlərə təkcə Bakıdan deyil, DİM-in 9 regional bölməsi vasitəsilə ölkənin müxtəlif bölgələrindən olan təcrübəli müəllimlər, Elmlər Akademiyasının mütəxəssisləri və metodistlər cəlb edilir.
Hazırda beş əsas fənn üzrə təşkil edilən "Təhsil keyfiyyətinin təkmilləşdirilməsi və dərsliklərin monitorinqi" adlı workshop-un əsas hədəfi isə bu sahəyə yeni qüvvələri- gənc müəllimləri, magistrləri və yuxarı kurs tələbələrini cəlb etməkdir. Təlimlərdə iştirakçılar əvvəlcədən monitorinq olunmuş nümunələr üzərində işləyərək rəy formalaşdırmağı öyrənir, yekunda fərqlənən şəxslər isə sertifikatla təmin olunaraq mərkəzin gələcək ekspert bazasına daxil edilirlər".



























