"SENSASİYA! Sumqayıt Təhsilində Dərnək Fırıldağı: Direktor Reyhan Yunisova Haqqında Şok İddialar"
Sumqayıt şəhəri 23 saylı tam orta məktəbin direktoru Reyhan Yunisovanın məktəbdə apardığı özbaşınalıq, ad qazanmaq üçün etdiyi saxtakarlıqları keçən yazımızda sizlərə təqdim etmişdik. İndi isə Reyhan Yunisovanın korrupsiya əməllərini sizlərə təqdim edirik.
Reyhan xanım dərsdənkənar məşğələlər və dərnəklər üzrə apardığı işlər sayəsində saxtakarlıqlar edərək, dövlətin ayırdığı pulu mənimsəyir.
Tehsilmedia.info bildirir ki, Sumqayıt şəhər 23 saylı məktəbdə "dərsdənkənar məşğələ" və "dərnək" saatları şagirdlərin inkişafına deyil, direktorun şəxsi büdcəsinin artırılmasına xidmət edir. Belə ki, direktor dərnək və dərsdənkənar məşğələ saatlarını özünə yaxın olan, məktəbdə fəaliyyəti formal xarakter daşıyan şəxslərin adına rəsmiləşdirir.
Həmin dərnəklər faktiki olaraq keçirilmir, şagirdlər həmin saatlarda evə göndərilir və ya boş buraxılır. Lakin kağız üzərində jurnallar səliqə ilə doldurulub mövzular yazılır.
Tehsilmedia.info qeyd edir ki, ayın sonunda həmin şəxslərin kartına oturan əməkhaqqı ya bütövlükdə, ya da böyük bir hissəsi "nağdlaşdırılaraq" direktora təslim edilir.
Bu, şagirdin haqqını oğurlamaqdır.
Dərsdənkənar məşğələlər üçün ayrılan hər bir saat dövlət büdcəsindən maliyyələşir. Bu saatlar şagirdin asudə vaxtını səmərəli keçirməsi, onun xüsusi istedadının üzə çıxarılması üçün nəzərdə tutulub. Əgər bir məktəbdə "Şahmat", "Rəsm" və ya "Gənc Kimyaçılar" dərnəyi kağız üzərində var olub reallıqda yoxdursa, bu, dövlət vəsaitinin təyinatından kənar istifadəsi ilə yanaşı, həm də uşaqların gələcəyindən oğurlamaqdır.
Onu da qeyd edək ki, dərnək saatlarının bölüşdürülməsi Pedaqoji Şuranın qərarı ilə, şəffaf şəkildə həyata keçirilməlidir. Hansı dərnəyin keçirildiyi, hansı müəllimin apardığı və hansı şagirdlərin orada iştirak etdiyi əmr kitabında, jurnalda, cədvəldə qeyd olunur. Şagirdlərin əzirələri yığılıb saxlanılmalıdır Gizli saxlanılan hər bir siyahı, əslində, qanunsuzluğun göstəricisidir.
Elm və Təhsil Nazirliyi, MÜTDA bu məsələyə nəzarəti gücləndirməlidir. Sadəcə jurnalları yoxlamaq kifayət deyil; dərnək saatlarında məktəblərə qəfil baxışlar keçirilməli, şagirdlər və valideynlər arasında anonim sorğular aparılmalıdır.
Məktəb direktoru bilməlidir ki, onun vəzifəsi "büdcə manipulyasiyası" etmək deyil, təhsilin keyfiyyətini qaldırmaqdır. Dərnəklərə, dərsdənkənar məşğələlərə ayrılan pullar kimlərinsə cibinə deyil, Azərbaycan təhsilinin inkişafına xərclənməlidir.
Sumqayıt şəhəri 23 saylı məktəbdə olan bu qanunsuzluqlar ümid edirik ki, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət tərəfindən yoxlanılır.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Həmkarlardan xahiş edirik ki, müəllif hüuquqlarının qorunması baxımından yazını paylaşarkən şəkil və mətndə dəyişiklik etməsinlər. Əks halda məhkəməyə müraciət ediləcəkdir.



























